Bakı məhkəməsi Azər Qasımlının həbs qətimkan tədbirini dəyişmədi

Azər Qasımlı- siyasi şərhçi

Yanvarın 21-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının həbs qətimkan tədbirinin ev dustaqlığı ilə bağlı verilmiş vəsatətin təmin edilməməsi ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.

Bu barədə vəkil Aqil Layıc məlumat verib.

Məhkəmə birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Vəkil qeyd edib ki, Azər Qasımlı məhkəmə prosesində iştirak edib və məhkəmədə öz həbsini qanunsuz adlandırıb.

Azər Qasımlının yoldaşı Samirə Qasımlı da bildirib ki, məhkəmədən heç bir gözləntisi yox idi.

“Biz bilirik ki, hakimiyyət Azər Qasımlını nə üçün tutub və tutubsa onu həmən buraxmayacaq. Sadəcə vəkilin tövsiyyəsi ilə növbəti instansiyalara keçid almaq üçün bu prosedurlardan keçmək lazımdır. Biz bu hüquqi prosedurlardan keçirik, amma bilirik ki, qərar hüquqi müstəvidə deyil, siyasi səviyyədə qəbul olunur”, o qeyd edib .

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə şübhəli şəxs qismində ötən il dekabrın 8-də saxlanılıb.

“Azər Qasımlıya borclu olan bir şəxs var. Məhkəmələri Qasımlı udmuşdu. İndi həmin adamı çağırıblar, guya Azər Qasımlı ondan hədə-qorxu ilə pul tələb edib”, vəkil Aqil Layıc Amerikanın Səsinə deyib.

Azər Qasımlı ittihamı qəbul etmir və məhkəmədə saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Bundan öncə, noyabrın 25-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsində şahiq qismində dindirilib. O, üç saat yarımdan sonra sərbəst buraxılıb.

Qasımlı saxlanılan zaman rəhbərlik etdiyi Siyasi Menecment İnstitutunun fəaliyyəti barədə xeyli suallar verildiyini deyib.