HRW: Azərbaycan hökuməti tənqidçilərə qarşı repressiyaları dayandırmayıb

Toplum TV-nin ofisində axtarış

"Human Rights Watch" (HRW) beynəlxalq insan haqları təşkilatı dünyada ötən il insan hüquqlarının durumu ilə bağlı yanvarın 16-da hesabatını açıqlayıb.

Hesabatın Azərbaycan bölümündə keçən il ölkədə insan hüquq və azadlıqların vəziyyəti, insan hüquqlarının pozulduğu hallar barədə detallar açıqlanıb.

Hesabatda qeyd edilir ki, Azərbaycan hökuməti ötən ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 Konfransına ev sahibliyi edərkən yerli tənqidçilərə qarşı repressiyaları gücləndirib.

"Konfransdan bir neçə ay əvvəl hakimiyyət orqanları jurnalistlər, insan hüquqları müdafiəçiləri və fəallar da daxil onlarla şəxsi siyasi gərəkçəli ittihamlarla həbs edib. Söz, sərbəst toplaşma və təşkilatlanma azadlıqları hüquqlarına müdaxilə olunub, vətəndaş cəmiyyətini iflic edən qanunlar tətbiq edilib. Həbsxanalarda işgəncə və qaba davranış halları da ara verməyib", hesabatda deyilir.

Sənəddə ötən ilin fevral və sentyabr aylarında ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkilərinə də toxunulub.

Məlumatda qeyd edilib ki, bu seçkilər "azad və ədalətli seçki standartlarına cavab verməyib və tənqidi səslərin boğulduğu və rəqabətin olmadığı ortamda" baş verib.

HRW xatırladıb ki, Azərbaycan hökuməti əsas öhdəlikləri yerinə yetirmədiyindən ötən ilin yanvarında Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkənin nümayəndə heyətinin mandatını ratifikasiya etməyib.

Hökuməti tənqid edənlərin təqibi

"Human Rights Watch" (HRW) qeyd edir ki, əvvəlki illərdəki kimi, 2024-cü ildə də bənzər basqılar sürüb və hakimiyyət orqanları nüfuzlu tənqidçiləri hədəf alıb. Hesabatda deyilir ki siyasi opponentlərə, jurnalistlərə və vətəndaş fəallarına qarşı saxta ittihamlar irəli sürüblər.

“Avqust və iyul aylarında hakimiyyət iki doktorantı saxta vətənə xəyanət ittihamı ilə həbs etdi. Onlar, müvafiq olaraq, İkinci Qarabağ müharibəsinin açıq tənqidçisi Bəhruz Səmədov və talış etnik sahəsi üzrə ixtisaslaşmış İqbal Əbilovdur. Məhkəmələr hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçib. 2023-cü ilin iyulunda "saxtakarlıq və ekstremizm" ittihamları ilə həbs edilmiş Qubad İbadoğlunun ötən ilin aprelində ev dustaqlığına buraxıldığı və hələ də ciddi polis nəzarətində qaldığı qeyd olunub”, hesabatda xatırladılıb.

Sənəddə hökumət tənqidçiləri sırasında seçki müşahidəçi qrupunun rəhbəri Anar Məmmədlinin, keçmiş diplomat Emin İbrahimovun, iqtisadi şərhçi Fərid Mehralızadənin, müxalifət fəalı Tofiq Yaqublunun, parlament analizləri təqdim edən saytın təsisçisi İmran Əliyevin və 2023-cü ildə İsveç tərəfindən sığınacaq müraciəti rədd edildikdən sonra deportasiya olunan onlayn tənqidçi Famil Xəlilovun həbslərinə də diqqət çəkilib, onların hamısının məhkəmə iclaslarınadək həbsdə saxlanıldığı vurğulanıb.

"Human Rights Watch" hesabatında 2024-cü ilin mayında Azərbaycan prezidentinin əfv fərmanı imzaladığını, ancaq siyasi motivli ittihamlarla həbsdə olan heç bir şəxsin adının siyahıya daxil edilmədiyini açıqlayıb.

Media və İfadə Azadlığı

Hesabatda Azərbaycanda söz və media azadlığının vəziyyəti də əksini tapıb.

Xatırladılıb ki, "2023-cü ilin noyabrından bəri hakimiyyət orqanları, ən azı, üç müstəqil media platformasını - "Abzas Media"nı, "ToplumTV"-ni və "Kanal 13"-ü hədəf alıb, onların müxbirlərini və digər işçilərini saxta qaçaqmalçılıq ittihamları ilə həbs edib".

Vurğulanır ki, bu media orqanları ilə bağlantılı, ən azı 12 media işçisi və digər şəxslər hələ də həbsdə saxlanılır.

Onların arasında Ülvi Həsənli və Sevinc Vaqifqızı, Hafiz Babalı, Nərgiz Absalamova, Məhəmməd Kekalov, Elnarə Qasımova, Şamo Eminov, Müşfiq Cabbarov və Əziz Orucov da daxil bir çox jurnalist və media işçisinin adları var.

Sənəddə deyilir ki, 2024-cü ilin avqustunda "Abzas Media" jurnalistlərinə və Fərid Mehralızadəyə qarşı vergi ödəməmək, sənəd saxtalaşdırmaq və pul yuyulması kimi ittihamlar irəli sürülüb.

Hesabatda ötən ilin martında "ToplumTV"nin ofisinin möhürlənməsi, bütün avadanlıqlarının müsadirəsi, eləcə də "ToplumTV" ilə əməkdaşlıq edən beş vətəndaş cəmiyyəti və siyasi fəalın - Akif Qurbanovun, Ruslan İzzətlinin, İlkin Əmrahovun, Ramil Babayevin və Ələsgər Məmmədlinin həbsinə diqqət çəkilib.

Sənəddə 2023-cü ildə Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş etirazlara qatılan bir şəxsin narkotik maddə saxlaması ittihamı ilə cəzalandırıldığı faktı da yer alıb.

İşgəncə və pis rəftar

HRW hesabatında saxlanılanlarla kobud davranıldığı və onlara işgəncə verildiyi halların olduğu bildirilir. Xüsusilə işgəncə və pis rəftara məruz qalmalarıyla bağlı Fazil Qasımovla İmran Əliyevin ifadələrinə istinad edilib.

Sənəddə 20 il həbs cəzasına məhkum edilmiş dindar Taleh Bağırzadənin həbsxanada olduqca pis şəraitdə saxlanılmasına dair ifadəsi də qeyd olunub. Həbsdə olan jurnalist Ülvi Həsənlinin təcridxanada ən azı, 58 işgəncə və ya qaba davranış halını sənədləşdirməsi ayrıca vurğulanıb.

Sənəddə "Tərtər işi" ilə bağlı məqamlar da yer alıb. Qeyd olunub ki, 2024-cü ilin oktyabrınadək Tərtər hadisələrində hərbçilərə işgəncə verilməsinə görə 18 hərbi qulluqçu azadlıqdan məhrum edilib. Bu şəxslər işgəncə, qeyri-insani rəftar, ağır bədən xəsarətləri yetirmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə məhkum ediliblər.

Hesabatda xatırladılıb ki, Azərbaycan Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və Cəzaların Qarşısının Alınması Komitəsi (CPT) ilə əməkdaşlıqdan boyun qaçırıb. Təşkilat rəsmi Bakının bu addımını kəskin tənqid edərək onu Avropa İşgəncələrin Qarşısının Alınması Konvensiyasının "əsaslı və misli görünməmiş pozuntusu" kimi qiymətləndirilib.

Cinsi Orientasiya və Gender Kimliyi

Azərbaycanda LGBT üzvlərinin həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən pis rəftara, şantaja, əsassız həbslərə və ayrıseçkiliyə məruz qaldığı qeyd olunub. Media məlumatlarına dayanan sənəddə bildirilib ki, ayrıseçkilik transgenderlərin mənzil və iş tapmaqda çətinlik çəkməsinə səbəb olur.

HRW bildirib ki, Azərbaycanda hökumətin vətəndaş cəmiyyətinə artan basqıları LGBT hüquqları təşkilatlarına da təsir göstərib. Nəticədə bu təşkilatların bir çoxu güvənlik səbəbi ilə fəaliyyətini məhdudlaşdırıb və ya tam dayandırıb.

Hesabatda vurğulanıb ki, LGBT üzvlərini hələ də polis hədəfə alır və hakimiyyət orqanları cəmiyyətin bu fərdlərinə qarşı basqı və ayrıseçkilik hallarına reaksiya vermir.

Azərbaycanla Ermənistan arasında münasibətlərin durumu builki hesabatda da yer alıb. Bildirilib ki, yekun sülh sazişinə dair danışıqlar sürsə də, sərhəddəki gərginliklər ara-sıra toqquşmalara yol açıb.

Azərbaycan höküməti nə deyir ?

Azərbaycan hökuməti, hələlik, bu hesabata münasibət bildirməyib. Ancaq rəsmi Bakı, bir qayda olaraq, beynəlxalq insan haqları təşkilatlarının hesabatlarındakı tənqidləri qəbul etmir və bunları qərəzli adlandırır.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair ittihamları israrla qəbul etmir və ölkədə bütün hüquq və azadlıqların qorunduğunu bildirir.

Yerli və beynəlxalq insan hüquqları təşkilatları fəalların və jurnalistlərin həbsini siyasi motivli hesab edir, hökumətin 2023-cü ilin noyabrından başlayaraq ölkədəki tənqidi səslərə qarşı “misli görünməmiş repressiyalar” həyata keçirdiyini vurğulayır.