Rüfət Səfərov: Bundan sonra da hüquqsuzluğa qarşı mübarizəmi davam etdirəcəm

Rüfət Səfərov

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından ictimaiyyətə müraciət edib.

Rüfət Səfərovun facebook səhifəsi vasitəsilə yayılan müraciətində vurğulayıb ki, ABŞ Dövlət Departamentinin onu təltif etdiyi “Nüfuzlu hüquq müdafiəçisi” mükafatından imtina etmədiyinə görə cəzalandırılıb.

Rüfət Səfərovun sözlərinə görə, həbsindən öncə hakimiyyət ona bu mükafatdan publik şəkildə imtina etmək üçün təzyiq göstərib.

“2024-cü ilin avqustunda məlum oldu ki, ABŞ Dövlət Departamentinin “Nüfuzlu hüquq müdafiəçisi” mükafatının qalibi olmağa əsas namizədəm. Ondan sonra mənə qarşı təhdidlər artmağa başladı. Dəfələrlə Prezident Administrasiyasından atam vasitəsilə mükafatdan publik qaydada imtina etməyim təklif edildi. Amma mən bunu edə bilməzdim. Çünki bu, mənim fəaliyyətimə verilən ən dəyərli qlobal qiymət idi. Məhz bu mükafat məsələsi siyasi hakimiyyəti qəzəbləndirdi və həbsimə qərar verildi. Buradan cəmiyyətə bəyan edirəm, mən bundan sonra da hüquqsuzluğa qarşı mübarizəmi davam etdirəcəyəm”, Rüfət Səfərov yazıb.

Səfərov bildirib ki, 2019-cu ildə hüquq müdafiəçisi kimi fəaliyyətə başlayandan bir çox təhdidlərlə üzləşib: “Fəaliyyətə başlayanda Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət edilərək, fəaliyyətimi dayandırmağım üçün təhdid olundum. Lakin mən diplomatın toka verildiyi, ictimai fəalın başına ifrazat edildiyi, gənc qız araşdırmaçı jurnalistin şərlənərək həbs edildiyi ölkədəki hüquqsuzluğu, zorbalığı görərək, anlayaraq susa bilməzdim. Ona görə də öz fəaliyyətimə davam etməyi qərara aldım” o əlavə edib.

Rüfət Səfərovun bu müraciətinə hələlik Azərbaycan höküməti cavab verməyib.

Rüfət Səfərov ötən ilin dekabrın 3-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi Amerikanın Səsinə bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və onun saxlanılması bununla bağlıdır.

Səfərov ittihamları “uydurma” və “cəfəng” adlandıraraq rədd edib, insan hüquqları sahəsindəki fəaliyyəti, ABŞ Dövlət katibinin “İnsan Hüquqları Müdafiəçisi Mükafatı”na layiq görülməsi və mükafatlandırma mərasimində iştirakının qarşısının alınması məqsədi ilə həbs edildiyini bildirib.

ABŞ Dövlət katibi Antoni Blinken 2024-cü il dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə Vaşinqtonda bir neçə ölkədən tanınmış insan hüquqları müdafiəçilərinə mükafat təqdim edərkən Rüfət Səfərov üçün ayrılmış oturacağın boş olmasına diqqət çəkib.

“Keçən həftə, bu mərasimə səfər etmək məqsədilə vizasını almaq üçün ABŞ səfirliyindən çıxdıqdan cəmi bir neçə saat sonra Rüfət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıldı. Onun barəsində həbs qətimkan tədbiri seçildi. Azərbaycan hökuməti Rüfəti azadlığa buraxmalı və bunu dərhal etməlidir. Onun kimi digər jurnalistləri, insan hüquqları müdafiəçilərini, siyasi opponentlərini və ədalətsiz şəkildə həbs edilən digərlərini azad etməlidir”, Dövlət katibi vurğulayıb.

Avropa Parlamenti dekabrın 19-da qəbul etdiyi qətnamədə Səfərovun və həbs edilən digər hüquq müdafiəçilərinin, jurnalistlərin və fəalların “əsassız, siyasi motivli ittihamlar”la üzləşdiyini vurğulayıb.

Avropalı qanunvericilər Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə, müstəqil mediaya və siyasi müxalifətə qarşı repressiyalarını “kəskin şəkildə” pisləyib, siyasi məhbusların sərbəst buraxılmasına və hökumətin yüksək vəzifəli məmurlarına Avropa İttifaqının (Aİ) hədəfli sanksiyalarının tətbiq edilməsinə çağırıb.

Azərbaycanın hakimiyyət nümayəndələri isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib və beynəlxalq çağırışları “Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə” kimi qiymətləndirib.

Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı təsis edilib. Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.