SOCAR Suriyanın enerji təchizatında iştirak edə bilər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dövlət səviyyəsində qərar qəbul ediləcəyi təqdirdə Suriyanın enerji təchizatında rol oynamağa hazırdır.

Yerli medianın məlumatına görə bu barədə “SOCAR Türkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov yanvarın 6-da İstanbulda keçirilən mətbuat konfransında bildirib.

"Suriyada və regionda sülh və sabitliyin bərqərar olması bizi sevindirir. Bu, iqtisadi inkişafa və elektrik enerjisinə tələbatın artmasına səbəb olacaq", o qeyd edib.

Onun fikrincə, Suriyada tikinti və bərpa işləri, bütün sektorların dirçəlməsi üçün enerji resursları tələb olunacaq.

"Əgər hökumət siyasi nöqteyi-nəzərdən qərar qəbul edərsə, Azərbaycan və Türkiyənin maraqlarına uyğun olaraq “SOCAR Türkiye Enerji”yə belə bir rol həvalə edilərsə, biz onu məmnuniyyətlə yerinə yetirəcəyik", o qeyd edib.

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dekabrın 29-da Dəməşqdə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə bildirib ki, 12 illik fasilədən sonra çox yaxın zamanda bu ölkənin Suriyada səfirliyi fəaliyyətini bərpa edəcək.

Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd edib.

Dekabrın 30-da Azərbaycan Suriyaya ilk humanitar yardım karvanı yola salıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, yardım konvoyu 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir.

“Konvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq”, o qeyd edib.