“Kanal 13” internet televiziyasının icraçı direktorunun məhkəməsi başlayır

Əziz Orucov

Dekabrın 25-də Bakının Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə “Kanal13” internet televiziyasının icraçı direktoru Əziz Orucova qarşı cinayət işi üzrə hazırlıq iclası başlayacaq.

Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib.

Əziz Orucov 2023-cü il noyabrın 27-də qanunsuz tikinti aparmaq ittihamı ilə saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orucov ittihamları rədd edir, jurnalist fəaliyyəti ilə bağlı həbs edildiyini bildirir.

İbtidai istintaqın nəticələrinə əsasən həbsdə olan jurnalistə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi üzrə ittiham götürülüb.

Cinayət işi Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət hüququ olmayan torpaqda özbaşına tikinti işlərinin aparılması) maddəsi ilə məhkəməyə göndərilib.

Vəkil Bəhruz Bayramov bildirib ki, qanunsuz tikinti aparmaq ittihamı da əsassızdır.

“Ümid edirəm ki, məhkəmə bu ittihamı Əziz Orucovun üzərindən götürəcək. Çünki rəsmi şəxslərin dediyinə görə, ölkədə 400 mindən çox qanunsuz tikinti var. Əziz Orucovun yaşadığı ərazidə isə üç miondən çox qanunsuz tikinti inşa edilib. Bu qədər qanunsuz tikinti olduğu halda bir jurnalisti günahlandırmaq ədalətli deyil”, vəkil qeyd edib.

Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulur.

Hüquq müdafiəçiləri jurnalisti siyasi məhbus kimi tanıyıb.