Accessibility links

"Kanal 13" rəhbəri və əməkdaşının həbs qətimkan tədbiri uzadılıb


Əziz Orucov
Əziz Orucov

Mayın 21-də Səbail Rayon Məhkəməsi "Kanal 13" İnternet televiziyasının rəhbəri Əziz Orucovun və əməkdaşı Şamo Eminovun həbs qətimkan tədbirini daha 1 ay uzadıb.

Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova bildirib ki, jurnalistin həbs qətimkan tədbiri iyunun 27-dək uzadılıb.

"Əziz əsəbi və gərgin idi. Biz düşünürük ki, 1 ayla kifayətlənməyəcəklər və istintaq müddətini yenə uzadacaqlar, onsuz da hər şey onların əllərindədir," o bildirib.

Vəkil Fəxrəddin Mehdiyev məhkəmədə hakimə etirazlarını bildirdiklərini qeyd edib.

"Əvvəlki məhkəmə proseslərində də həbs qətimkan tədbirinin uzadılmasına hakim Azər Tağıyev baxıb. Yenidən həmin hakimin işə baxması bizə əsas verir ki, onun ədalətli və obyektiv qərar verməsinə şübhə ilə yanaşaq. Hakimlər müşavirəyə getdi, qayıdandan sonra bildirdilər ki, məhkəmə işlərə növbətçilik qaydası ilə baxır, ona görə də vəsatəti baxılmamış saxladılar. Biz bildirdik ki, qanunsuz olaraq cinayət işi başlanıb, qanunsuz olaraq həbs qətimkan tədbiri seçilib və qanunsuz olaraq da həbs müddəti uzadılır" - deyə, vəkil əlavə edib.

Vəkilin sözlərinə görə, onlar məhkəmədə Əziz Orucovun ailə vəziyyətini, 2 azyaşlı uşağının olmasını, daimi yaşayış yerinin və səhhətində ciddi problemlər olduğunu əsas gətiriblər, lakin məhkəmə bunları nəzərə almayıb.

"Hazırda Əziz Orucov Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır. Məhkəmədə də görünürdü ki, onun səhhətində ciddi problem var. Çox təəssüf ki, məhkəmə onun həbs qətimkan tədbirini uzatdı," vəkil bildirib.

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda "Kanal 13"-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

"Kanal 13" internet televiziyasının əməkdaşı Şamo Eminov isə ötən ilin dekabrında həbs olunub və barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.

"Sərhədsiz Reportyorlar", "Amnesty International", "Avropa Jurnalistlər Federasiyası" və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycan rəsmiləri isə bu cür çağırışları və tənqidləri "Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə" kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının "tam olaraq" təmin edildiyini qeyd edir.

Forum

XS
SM
MD
LG