Fransa Azərbaycanın səfirini, Azərbaycan isə Fransanın səfirini XİN-ə çağırıb

France Pantheon

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva noyabrın 19-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinə çağırılıb.

“Səfirin çağırılması Azərbaycan hakimiyyətinin COP29 çərçivəsində Fransa və avropalılara qarşı etdiyi qəbuledilməz iradlar və nəticədə ekoloji keçid, energetika, iqlim və risklərin qarşısının alınması naziri xanım Anyes Panye-Rünaşenin BMT-nin bu konfransında iştirakını ləğv etməli olması ilə bağlıdır”, Fransa XİN bildirib və Azərbaycanın “düşmənçilik hərəkətlərinə” son qoymalı olduğunu əlavə edib.

Azərbaycanın Fransadakı Səfirliyindən məsələ ilə bağlı dərhal şərh almaq mümkün olmayıb.

Digər tərəfdən, noyabrın 20-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirliyin məlumatına görə, görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.

“Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb”, Azərbaycan XİN qeyd edib.

Bununla yanaşı, rəsmi Bakı Ermənistanın “geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən” Fransanın addımlarının sülh prosesinə zərbə olduğun qeyd edib və əlavə edib ki, “Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan” bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda COP29-un açılış günlərində Fransa və Niderlandı neokolonizmdə, bu ölkələrə məxsus dənizaşırı ərazilərdə insan hüquqlarının pozulmasında və ətraf mühitin korlanmasında ittiham edib.

“Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur”, İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində deyib.

Azərbaycan Prezidenti həmçinin “Prezident Makron rejimi”nin Yeni Kaledoniyada etirazlar zamanı etirazçılara qarşı cinayətlər törətdiyini, insan hüquqlarını pozduğunu vurğulayıb və Fransadakı bütün siyasi məhbusların azad olunmalı olduğunu bildirib.

COP29-a Fransanın baş danışıqçısı kimi qatılmalı olan nazir Anyes Panye-Rünaşe cavab olaraq Bakıya səfərini təxirə salıb.

“Prezident Əliyevin Bakıda COP29-un açılışı zamanı Fransa və Avropaya qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir. Ölkəmizə, onun qurumlarına və ərazilərinə qarşı birbaşa hücumlar əsassızdır. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədən öz layiqsiz şəxsi gündəmi üçün istifadə edir”, Panye-Rünaşe noyabrın 13-də Fransa Senatında çıxışı zamanı deyib.

İlham Əliyevin sözügedən çıxışı Avropa İttifaqı və Niderland tərəfindən də iradla qarşılanıb.

SEE ALSO: Niderland XİN Azərbaycan Prezidentinin ittihamlarına cavab verib

Azərbaycan-Fransa ikitərəfli münasibətləri İkinci Qarabağ müharibəsi fonunda pisləşməyə başlayıb. 2022-ci ilin sentyabrında Azərbaycan və Ermənistan arasında sərhəddə qanlı toqquşmalardan, daha sonra Azərbaycanın Qarabağa tam nəzarəti bərpa etməsi və yerli erməni əhalinin bölgəni tərk etməsi nəticələnən əməliyyatlardan sonra Fransanın Ermənistana açıq siyasi və hərbi dəstəyi artırması ilə daha da gərginləşib.

Paris Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarını pozmaqda və Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə, Bakı isə Fransanı Azərbaycanda separatçılığa dəstək verməkdə və Ermənistanı silahlandıraraq növbəti müharibəyə hazırlamaqda günahlandırıb.

Ötən ilin dekabrında Azərbaycan Fransanın Bakıdakı səfirliyində fəaliyyət göstərən iki diplomatını ölkədən çıxarıb. Fransa cavab olaraq eyni addımı atıb.

Digər tərəfdən, Fransa Azərbaycanı dənizaşırı ərazilərinin daxili siyasətinə müdaxilə etməkdə, həmçinin may ayında Fransanın Yeni Kaledoniya ərazisində baş verən iğtişaşlar zamanı sosial şəbəkələrdə Fransanı hədəf alan qaralama kampaniyası aparmaqda günahlandırıb.

Ötən bir il ərzində Azərbaycanda ən az iki Fransa vətəndaşının həbs edilməsi fonunda rəsmi Paris sentyabrın 4-də ikili vətəndaşlar da daxil olmaqla öz vətəndaşlarına əsassız saxlanılma və həbslərə, ədalətsiz mühakimə riski ilə üzləşə biləcəklərini qeyd edərək Azərbaycana səfər etməməyə çağırıb.

Rəsmi Bakı öz növbəsində Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib və iddiaların əsassız olduğunu vurğulayıb.