Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Pannye-Runaşe (Agnès Pannier-Runacher) Azərbaycan Prezidenti İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxışına etiraz olaraq Bakıya gəlməkdən imtina edib.
Nazir Anyes Pannye-Runaşe noyabrın 13-də Fransa Parlamentində çıxışında bildirib ki, Əliyevin COP29-da Fransa və Avropa ilə bağlı şərhləri qəbuledilməzdir.
“Ölkəmizə, onun institutlarına və ərazilərinə birbaşa hücumlar əsassızdır. Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədən təhrikçi şəxsi məqsədləri üçün istifadə edir. Bu hücumlar BMT-nin İqlim Dəyişiklikləri haqqında Çərçivə Konvensiyasının Davranış Məcəlləsinin kobud pozuntusudur. Onlar cavabsız qalmayacaq. Ölkə prezidenti və baş nazirlə müzakirə və razılaşdırmalardan sonra mən Bakıya getməmək qərarına gəldim", nazir qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev kiçik ada dövlətlərinin vəziyyətinə həsr olunmuş sammitdə Fransa və Niderlandı "neokolonizmdə, dəniz ərazilərinin sərvətlərini talan etməkdə, bu ölkələrdə dövlətçiliyi və əhalini məhv etməkdə" ittiham edib. O, ada ərazilərinin müstəqilliyinin məhv edilməsində "Prezident Makronun rejiminin" rolunu vurğulayıb.
Əliyev deyib ki, Fransa və Niderlandın Karib dənizi və Sakit Okean regionundakı “dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır” onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.
Forum