Accessibility links

COP29-un Liderlər Sammitində iqlim təhlükələri, yaşıl enerjiyə keçid, su hövzələrində durum müzakirə edilib


COP29-da Liderlər Sammiti (Mənbə: BMT)
COP29-da Liderlər Sammiti (Mənbə: BMT)

Noyabrın 13-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti davam edib.

Sammitdə onlarla ölkənin dövlət və hökumət başçıları çıxış edib. Çıxışların əsas mövzusu iqlim təhlükələri, dünyada artan tempreturların 1,5 dərəcə aşağı salınması, quraqlığa qarşı mübarizə, karbon emissiyasının aşağı salınması və yoxsul ölkələrə kömək məqsədi maliyyə fondunun yaradılması olub.

Rəsmi məlumatda deyilir ki, COP29-da Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti 100-ə yaxın milli lideri bir araya gətirib. İki gün ərzində COP29 dünya liderləri üçün ambisiyaları artırmaq və iqlim vədlərini konkret, real iqtisadiyyat nəticələrinə çevirmək üçün bir platforma təqdim edib.

Antonio Quterreş (Mənbə: BMT)
Antonio Quterreş (Mənbə: BMT)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş və COP29-un prezidenti Muxtar Babayev və başqaları Liderlər Zirvə görüşündə çıxış edib.

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, konfrans iştirakçılarının qarşısında əsas qlobal çağırış - ədalətli enerji keçidinin həlli yollarını tapmaqdır.

Onun sözlərinə görə, bərpa olunan enerji sahəsi sürətlə inkişaf edir və keçən il ilk dəfə bərpa olunan enerji mənbələrinə qoyulan investisiyaların həcmi qalıq yanacağa çəkilən xərcləri üstələyib.

"Hökumətlər 2030-cu ilə qədər qlobal bərpa olunan enerji güclərini üç dəfə artırmağı və qalıq yanacaqdan tədricən imtina etməyi vəd etdiklərinə görə keçid üçün son dərəcə əhəmiyyətli resurslara tələbatın kəskin şəkildə artacağı gözlənilir", o qeyd edib.

Baş katib bildirib ki, bu, həmin resurslarla zəngin olan inkişaf etməkdə olan ölkələr üçün rifah, yoxsulluğun aradan qaldırılması və davamlı inkişafın təşviqi baxımından böyük fürsətdir.

"Lakin biz çox vaxt mənfəət güdmənin, resurslar uğrunda mübarizənin şahidi oluruq. Bu zaman icmalar istismar olunur, hüquqlar pozulur və ətraf mühit məhv edilir, inkişaf etməkdə olan ölkələr dəyər zəncirinin ən aşağı hissəsində qalır, digərləri isə onların resursları hesabına varlanır", o qeyd edib.

COP29-un Liderlər Sammiti
COP29-un Liderlər Sammiti

Noyabrın 13-də həmçinin dünya liderlərinin sammiti çərçivəsində bir sıra panellərdə də müzakirələr keçirilib.

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində BMT-nin Baş katibi Antonio Quterreş deyib ki, G20 ölkələri dünyadakı emissiyaların 80 faizinin yaranmasına cavabdehdir.

“Çünki baş verən bu ədalətsizlik dənizlərin səviyyəsinin yüksəlməsi nəticəsində sizin adaların gələcəyini təhlükə altına alır, sakinlər təbii fəlakətlərdən əziyyət çəkir, iqtisadiyyata böyük zərbə dəyir. Bu ədalətsizliyə son qoyulmalıdır”, o qeyd edib.

Baş katib diqqətə çatdırıb ki, kiçik ada dövlətləri yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlməkdə dəstəyə layiqdirlər. Bu məqsədlə də iqlim maliyyələşməsinin uğurla razılaşdırılması tələb olunur.

ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə elçisinin müavini Syu Biniaz Bakıda COP29 çərçivəsində "COP sədrlikləri üçlüyünün yüksək səviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru missiya 1,5 üçün Yol Xəritəmiz" adlı tədbirdə deyib ki, tərəflər qlobal baxışın tələblərini yerinə yetirməli, istixana qazları və 1,5 hədəfinə dair tələbləri əks etdirən müəyyənləşdirilmiş milli töhfələri təqdim etməldir.

“1,5 hədəfini saxlamaqdan daha vacib heç nə yoxdur. Biz həmçinin inkişaf etməkdə olan ölkələrə və onlara dəstək olmaq üçün tərəfdaşlığı yüksək qiymətləndiririk. Paris razılaşması hər şeyi edə bilməz. Hədəflər yalnız bir razılaşma ilə müqayisədə çox böyükdür”, o qeyd edib.

“İqlim dəyişikliklərinin su hövzələrinin azalmasına mənfi təsiri” mövzusunda müzakirələrdə BMT Baş katibinin su məsələləri üzrə xüsusi nümayəndəsi Retno Marsudi su məsələsinin COP29-un əsas prioritetlərindən biri kimi müəyyən edilməsində Azərbaycanın liderliyini yüksək qiymətləndirib.

O, iqlim dəyişikliklərinin səbəb olduğu su problemlərinin insanların həyatına, gələcək nəsillərə təhlükə yaratdığını, bir çox su hövzəsində, xüsusən də çaylarda suyun azalmasının özü ilə bərabər aclıq problemini ortaya çıxartdığını deyib.

“Təkcə ötən il 32 milyon nəfər daşqın və seldən əziyyət çəkib, aşağı sahil zonasında yaşayan 680 milyon nəfər dəniz səviyyəsinin yüksəlməsi təhlükəsi ilə üz-üzə qalıb. Ona görə də su amili iqlim dəyişikliyi ilə bağlı müzakirələrə və fəaliyyətlərə daxil edilməlidir”, Retno Marsudi deyib.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Biomüxtəliflik və ekosistem xidmətləri üzrə hökumətlərarası elmi-siyasət platformasının son hesabatına istinad edərək iqlim dəyişikliyinin biomüxtəlifliyə və torpaq deqradasiyasına mənfi təsirlərindən danışıb.

Babayev dünyanın müxtəlif yerlərində iqlim dəyişikliyinin ekosistemə, Xəzər dənizi də daxil olmaqla su hövzələrinə mənfi təsirlərini qeyd edib.

Onun sözlərinə görə, COP29 çərçivəsində iqlim fəaliyyəti üçün su üzrə COP29 bəyannaməsi qəbul olunacaq. Babayev bildirib ki, bəyannamə maraqlı tərəfləri iqlim dəyişməsinin su ehtiyatları, su hövzələri, su ilə əlaqəli biomüxtəliflik və su ekosistemlərinə təsirləri və səbəbləri ilə mübarizədə inteqrasiyalı yanaşmaları tətbiq etməyə çağırır.

Tədbirdə qeyd olunub ki, dünya okeanlarında suyun səviyyəsinin artacağı proqnozlaşdırılsa da, bir çox endoreik su hövzələrində əhəmiyyətli azalmalar müşahidə olunur. Dünya İqtisadi Forumunun məlumatına görə, 1990-cı ildən bəri dünyanın böyük göllərinin 53 faizi kiçilib. Xüsusilə Xəzər dənizi, Aral dənizi, Çad gölü, Titikaka gölü və Viktoriya gölünün ölçülərində kəskin şəkildə azalma var.

Dünyanın ən böyük daxili su hövzəsi olan Xəzər dənizində yaranan vəziyyət onun sularını bölüşən Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistana ciddi təsir göstərir.

Forum

XS
SM
MD
LG