Accessibility links

Fransa fransız qraffiti rəssamının Azərbaycanda həbsini pisləyir


Fransa öz vətəndaşı, qraffiti rəssamı Teo Klerkin Azərbaycanda “ayrı-seçkilik xarakterli özbaşına rəftar” nəticəsində üç illik həbsə məhkum edilməsini pislədiyi bildirir.

“Fransa, vətəndaşımız cənab Teo Klerkə qarşı açıq-aşkar ayrı-seçkilik xarakterli özbaşına rəftarı pisləyir. Cənab Teo Klerk ötən gün metroda qraffiti çəkdiyinə görə Azərbaycan məhkəməsi tərəfindən 3 il həbs cəzasına məhkum edilərkən, başqa millətdən olan iki müttəhim eyni əmələ görə sadə cəriməyə məhkum edilib”, Fransanın diplomatik mənbələrindən Amerikanın Səsinə bildiriblər.

Bakı metrosunda qraffiti çəkdiyi üçün bu ilin aprel ayında həbs olunan Fransa vətəndaşı Teo Klerk və eyni iş üzrə ittiham olunan digər şəxslər, Avstraliya vətəndaşı P. Han Paul və Yeni Zelandiya vətəndaşı İ. De Saint Quentiyə sentyabrın 10-da Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hökm oxunub.

Vəkil Elçin Sadıqovun bildirdiyinə görə, hər üç şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə – ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirli biliniblər.

Məhkəmə Fransa vətəndaşı Teo Klerki 3 il azadlıqdan məhrum etmə cəzası ilə, digər şəxsləri isə 6 min 800 manat cərimə cəzası ilə cəzalandırıb.

“Halbuki, zərər də tam ödənilmişdi və ilk dəfə idi ki, zərərin içərisinə əldən çıxmış fayda, yəni qatarın işləmədiyi vaxta görə əldə ediləcək gəlir də, zərərə əlavə edilmişdi. Buna baxmayaraq, zərər tam ödənilmişdi. Təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hallar içində milliyyətlərindən başqa heç bir fərq yox idi”, vəkil əlavə edib.

Fransanın diplomatik mənbələrindən bildiriblər ki, Teo Klerk apreldə həbs olunan kimi Fransanın Bakıdakı səfirliyi Konsulluq əlaqələri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq öz həmvətənlərinin konsulluq mühafizəsini həyata keçirmək üçün Azərbaycanın səlahiyyətli orqanları ilə əlaqə saxlayıb və məhkəmə işinin bütün iclaslarında iştirak edib.

“Xatırladaq ki, Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlara əsassız həbs və ədalətsiz mühakimə riski ilə əlaqədar üzrlü səbəb olmadıqda, Azərbaycana səfər etməmələri tövsiyə olunur. məhkəmə sistemi müstəqillik və hüquqlara zəmanət verməyən bu ölkədə, müdafiədən”, mənbə qeyd edib və əlavə edib ki, Azərbaycanın Məhkəmə sistemi müstəqillik və ya müdafiə hüquqlarına heç bir təminat vermir.

Teo Klerk və digərləri bu ilin martında məhkəmə qərarı ilə inzibati qaydada cərimə cəzaları ilə cəzalandırılmalarına baxmayaraq, sonradan eyni əmələ görə onlar haqqında cinayət işi başladılıb.

Aprelin 2-də Yasamal Rayon Məhkəməsi Teo Klerk barəsində 3 ay həbs qətimkan qərarı çıxarıb, onun yoldaşları isə polis nəzarətinə verilməklə sərbəst buraxılıblar.

Teo Klerk cinayət törətmək və zərər vurmaq niyyətində olmadığını, Azərbaycanın Fransa ilə münasibətlərdəki gərginliyə görə cəzalandırıldığını bildirib.

“Fransa ilə münasibətlərə görə məni cəzalandırmaq düzgün deyil axı. Mən adi turist kimi dostlarımla buranı gəzməyə gəlmişdim. Mən Fransanı təmsil etmirəm. Sadəcə, Qafqaz ölkələrindən Azərbaycanda olmamışdıq, ona görə bura gəldik”, 38 yaşlı qraffiti rəssamı deyib.

Fransa sentyabrın 4-də ikili vətəndaşlar da daxil olmaqla öz vətəndaşlarına əsassız saxlanılma və həbslərə, ədalətsiz mühakimə riski ilə üzləşə biləcəklərini qeyd edərək Azərbaycana səfər etməməyə çağırıb.

Rəsmi Bakı isə Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib və iddiaların əsassız olduğunu vurğulayıb.

“Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir. Fransa vətəndaşlarının əsassız olaraq saxlanıldığı və həbs edildiyi barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur”, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.

Forum

XS
SM
MD
LG