Beynəlxalq insan hüquqları təşkilatları Avropa Şurasının yeni baş katibi Alen Berseyə məktub ünvanlayaraq, Azərbaycanda insan hüquqlarının vəziyyəti, jurnalist və fəalların kütləvi həbsinə diqqət çəkiblər.
“Hesab edirik ki, Azərbaycanda insan haqları böhranı ofisinizin yüksək prioriteti olmalıdır”, beynəlxalq hüquq müdafiə təşkilatlarının Baş Katibə sentyabrın 18-də ünvanladığı məktubda qeyd edilir.
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) iyun ayında keçirilən seçkilərdə Avropa Şurasının yeni baş katibi seçilən İsveçrənin keçmiş prezidenti Alen Berse sentyabrın 18-də baş katiblik vəzifəsinin icrasına başlayıb.
Beynəlxalq insan hüquqları təşkilatları qeyd edir ki, AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsindən sonra, həmçinin BMT İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində Azərbaycanda repressiyalar nəzərəçarpacaq dərəcədə intensivləşib.
“Ölkədə demək olar ki, heç bir müstəqil vətəndaş cəmiyyəti subyekti qalmayıb. Müstəqil media qurumlarının rəhbərləri həbs edilib, hakimiyyət orqanları hüquq müdafiəçilərinə, eləcə də akademiklərə və tədqiqatçılara təzyiqləri artırıb. Repressiya getdikcə daha çox gənc fərdlərə yönəlir”, məktubda vurğulanır.
Tanınmış azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədlinin aprel ayında saxta ittihamlarla yenidən həbs edildiyini qeyd edən müəlliflər, onun həbsinin Azərbaycanda 2024-cü ildə repressiyaların artmasının rəmzi göstəricisi olduğunu deyir.
Aprelin 29-da mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədli barəsində növbəti gün məhkəmə “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçib. O, ittihamı qondarma adlandırıb.
Seçki hüququ və seçkilərin müşahidəsi üzrə tanınmış ekspert olan Anar Məmmədli həmçinin bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 - Ədalət Mühiti Təşəbbüsünün (COP29 - Cimate of Justice Initiative) təsisçilərindəndir.
Beynəlxalq təşkilatlar Məmmədlinin həbsinin Azərbaycanda fevral ayında keçirilən prezident seçkiləri ilə bağlı ilkin nəticələrini dərc etməsindən və Ədalət Mühiti Təşəbbüsünün yaradılmasınının elan edilməsindən dərhal sonra baş verməsinə diqqət çəkib.
“Buna baxmayaraq, Anar Məmmədli Azərbaycanda yeganə siyasi məhbus deyil. Azərbaycan vətəndaş cəmiyyətinin məlumatına görə, ölkədə 300-dən çox siyasi məhbus var”, müəlliflər əlavə edib.
Bu xüsusda məktubda fəal Famil Xəlilov, tədqiqatçı Bəhruz Səmədov, akademik Qubad İbadoğlu, həmkarlar ittifaqı fəalı Afiəddin Məmmədov, vətəndaş cəmiyyəti lideri Akif Qurbanov, siyasi fəallar Tofiq Yaqublu və Ruslan İzzətli, habelə Abzas Media, Toplum TV və Kanal 13 müstəqil media orqanlarının jurnalistlərinin həbsi vurğulanıb.
SEE ALSO: BMT İnsan hüquqları Komissarı Azərbaycanı əsassız yerə həbs edilənləri azad etməyə çağırıbBeynəlxalq təşkilatlar vurğulayıb ki, Avropa Şurası Baş Katibi bütün vasitələrdən istifadə edərək Azərbaycan hakimiyyətini Anar Məmmədli və siyasi motivlərlə həbs edilmiş digər hüquq müdafiəçiləri, fəallar və jurnalistləri azad etməyə çağırmalıdır.
Bununla yanaşı, Azərbaycan hakimiyyəti hüquq müdafiəçilərini və vətəndaş cəmiyyətini hədəf alan və onların fəaliyyətini cinayət hesab edən qanunvericiliyi Venesiya Komissiyasının rəylərinə əsaslanaraq yenidən hərtərəfli nəzərdən keçirməyə çağırılmalıdır.
Baş katib Alen Berse həmçinin COP29-da iştirakı zamanı Azərbaycan hakimiyyətinə siyasi dəstək verməkdən çəkinməyə, Azərbaycanın AŞPA deputatları da daxil olmaqla müstəqil qrupların konfransda iştirakına məhdudiyyət qoymasını pisləməyə çağırılıb.
Azərbaycanda ötən ildən başlayaraq jurnalist, vətəndaş cəmiyyəti nümayəndəsi və siyasi fəalların kütləvi həbsi baş verib.
Bugünədək həbs və təqiblərlə bağlı Azərbaycan hakimiyyətinə çoxsaylı çağırışlar edilib, rəsmi Bakı təqibləri dayandırmağa və ədalətsiz yerə həbs edilənləri azad etməyə çağırılıb.
Rəsmi Bakı isə bu cür çağırışları qərəzli hesab edir, cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu, saxlanılan şəxslərin işinin müvafiq cinayət-prosessual qanunverciliyin tələbləri çərçivəsində həyata keçirildiyini və prosesin tam şəffaf olduğunu vurğulayır.