Accessibility links

AŞPA-nın Azərbaycanda insan hüquqlarının vəziyyətini müzakirə etməsi gözlənilir


Avropa Şurası Parlament Assambleyası (AŞPA)
Avropa Şurası Parlament Assambleyası (AŞPA)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycanda demokratiya, qanunun aliliyi və insan hüquqlarının vəziyyətinin pisləşməsi mövzusunda müzakirələrin keçirilməsi gözlənilir.

30 sentyabrdan 4 oktyabradək davam edəcək sessiyanın gündəliyinə təcili debatlar proseduru üzrə “Azərbaycanda insan hüquqlarının, qanunun aliliyinin və demokratiyanın vəziyyətinin pisləşməsi” mövzusu irəli sürülüb. Assambleya sessiyanın ilk günündə mövzunun gündəliyə salınmasına səs verəcək.

“Son hadisələri nəzərə alsaq, mövzunun gündəliyə salınması olduqca gözləniləndir”, AŞPA-dakı mənbələrdən Amerikanın Səsinə bildiriblər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar ayında baş tutan qış sessiyasında ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub.

AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, o cümlədən jurnalist və fəalların əsassız həbsləri, Azərbaycanın öhdəliklərinə məhəl qoymayaraq qurumla əməkdaşlıq etməməsi, fevral ayında baş tutan prezident seçkilərinə AŞPA-nın müşahidə missiyasını dəvət etməməsi ilə əlaqələndirib.

Assambleyada səsvermədən əvvəl qurumda iştirakını dayandırdığını bəyan edən Azərbaycanın nümayəndə heyəti baş verənlərin Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib. Nümayəndə heyəti insan hüquqlarının vəziyyəti, qurumla əməkdaşlıqdan imtinaya dair səsləndirilən tənqidlərə toxunmayıb.

Növbəti aylarda Azərbaycanda jurnalistlərə və fəallara qarşı təqiblərin və həbslərin davam etməsindən narahatlıq ifadə edən AŞPA üzvləri, o cümlədən, Azərbaycan üzrə həmməruzəçi Liz Kristoffersen rəsmi Bakını siyasi məhbusları azad etməyə, vətəndaş cəmiyyətinə qarşı təqibləri dayandırmağa və insan hüquqları sahəsindəki beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb.

Azərbaycan isə öz növbəsində sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinə də AŞPA-nın müşahidə missiyasını dəvət etməyib və bunu Azərbaycana qarşı qoyulan sanksiya ilə əlaqələndirib.

Üstəlik, avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə səs verən deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb.

Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə AŞPA-nın 26 ölkədən olan 76 deputatı səs verib.

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobbio Forumunda çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsini “qırmızı xəttin keçilməsi” və Azərbaycanın suverenliyini bərpa etməsinə görə tətbiq edilən sanksiya adlandırıb.

AŞPA üzvlərinin Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsinə toxunan İlham Əliyev qeyd edib ki, Azərbaycanın nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa edildikdən sonra onlara qarşı qoyulmuş qadağa aradan qaldırılacaq.

Azərbaycan Prezidentinin fikirlərinə münasibət bildirən almaniyalı deputat, AŞPA-da ən böyük fraksiya olan Sosialistlər, Demokratlar və Yaşıllar fraksiyasının sədri Frank Şvabe Azərbaycanın Assambleyanın qaydalarına heç bir şərt qoymadan əməl etməli olduğunu deyib.

“AŞPA-nı əlbəttə, şantajla hədələmək olmaz. Şərtlər çox aydındır. Azərbaycan heç bir şərt qoymadan Parlament Assambleyasının bütün qaydalarına əməl etməli, siyasi məhbuslar azadlığa buraxılmalı, Azərbaycan İşgəncələr Əleyhinə Komitə ilə tam əməkdaşlıq etməlidir”, Frank Şvabe X səhifəsində yazıb.

Azərbaycanla bağlı son hadisələr AŞPA-nın Monitorinq Komitəsinin bu həftə Parisdə keçirilən qapalı iclasında müzakirə edilib.

Digər tərəfdən, Avropa Şurası Nazirlər Komitəsinin sentyabrın 11-də Strasburqda keçirilən iclasında Azərbaycanın İşgəncələr Əleyhinə Komitə (CPT) ilə əməkdaşlığı dayandırması məsələsi müzakirə edilib.

Nazirlər Komitəsindəki müzakirələrdə Avropa İttifaqı (Aİ) və bir sıra ölkələr Azərbaycanda son həbslərdən narahatlıq ifadə edib, Azərbaycan rəsmilərini CPT ilə konstruktiv dialoqu bərpa etməyə çağırıb.

Belə ki, Azərbaycanın AŞPA-da iştirakı dayandırılsa da, ölkə Avropa Şurasına tamhüquqlu üzv olmaqda davam edir.

CPT iyulun 3-də Azərbaycanın yanvar ayından etibarən bu qurumla əməkdaşlığı tamamilə dayandırması, Azərbaycan hökumətinə, xüsusən də Daxili İşlər Nazirliyinə verilən tövsiyələrin uzun illərdir icra edilməməsi ilə bağlı bəyanat yayıb.

İşgəncə Əleyhinə Komitə də öz bəyanatında qeyd edib ki, AŞPA-da baş verənlər Azərbaycanın CPT ilə əməkdaşlığına və İşgəncə əleyhinə Avropa Konvensiyası üzrə öhdəliklərinə dəyişiklik kimi qəbul edilə bilməz.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG