Respublikaçı Alternativ (REAL) Partiyasının deputatlığa namizədləri növbədənkənar parlament seçkilərində səsvermə zamanı qanun pozuntuları ilə bağlı dairə seçki komissiyalarına şikayətlər təqdim etməkdədir.
REAL Partiyasının Siyasi Komitəsinin sədri İlqar Məmmədov Amerikanın Səsinə deyib ki, artıq partiaynın deputatlığa namizədləri Erkin Qədirli və o özü dairə seçki komissiyalarına şikayət ərzələrini təqdim edib, digər namizədlər də şikayət ərizələrini təqdim etmək üçün hazırlayır.
Xatıraladaq ki, seçkilərdə REAL Partiyasının 12 namizədi mübarizə aparıb.
Məmmədov bildirib ki, o sentyabrın 4-də 55 səhifəlik şikayət ərizəsi ilə depuatalığa namzidə olduğu 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinə müraciət edib.
“Şikayət ərizəmə müşahidə aktları, 19 video fayl və digər sənədlər daxildir. Mən seçki dairəsinin 27 məntəqəsində (38 məntəqə var-red) səsvermənin nəticələrinin ləğv edilməsini xahiş etmişəm”, o qeyd edib.
Mərkəzi Seçki Komissiyasının səsvemənin ilkin nəticələrinə görə dərc etdiyi məlumata görə, 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsində Milli Məclisin bundan öncəki deputatı Asim Mollazadə (8180 səslə) liderdir. Rəsmi məlumata görə, İlqar Məmmədov 933 səs toplayıb.
Bununla yanaşı 16 saylı Yasamal İkinci Seçki Dairəsində lider olan Erkin Qədirli səslərin olduğundan çox hesablanması ilə bağlı şikayət edib.
REAL Partiyasının məlumatına görə, növbədənkənar parlament seçkilərinin ilkin protokollarına əsasən 16 Saylı Yasamal İkinci Seçki Dairəsində lider namizəd olan Erkin Qədirli qalib elan olunduğu 6 məntəqənin nəticələrinin ləğvi üçün Dairə Seçki Komissiyasına şikayət ərizəsi ilə müraciət edib.
“Şikayət olunan məntəqələrdə seçici aktivliyini süni formada artırmaq məqsədilə səs vermiş seçicilərin sayı olduğundan artıq göstərilib”, məlumatda qeyd edilir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə¸16 Saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa namizəd Erkin Qədirli səslərin 49,1 faizini (6829 səs) toplayıb. Bu dairədə ikinci səs toplayan Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Həbib Mirzəyevdir (2651 səs). Seçki dairəsində 39 seçki məntəqəsi var.
Növbədənkənar seçkilərin ilkin nəticələrinə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) 68 mandat qazanıb. Daha 44 deputat yerinə hökumətyönümlü mövqeyi ilə tanınan müstəqill namizədlər seçilib.
Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyası üç (Fəzail İbrahimli, Rafael Hüseynov və Tənzilə Rüstəmxanlı), Ədalət, Hüquq və Demokratiya Partiyası (Qüdrət Həsənquliyev və Elçin Mirzəbəyli) iki deputatla təmsil olunacaq.
Daha 8 partiya - Respublikaçı Alternativ Partiyası (Erkin Qədirli), Milli İstiqlal Partiyası (Arzuxan Əlizadə), Demokratik İslahatlar Partiyası (Asim Mollazadə), Ana Vətən Partiyası (Günay Ağamalı), Böyük Quruluş Partiyası (Fazil Mustafa), Böyük Azərbaycan Partiyası (Elşad Musayev), Milli Cəbhə Partiyası (Razi Nurullayev), Azərbaycan Demokratik Maarifçilik Partiyası ( Elşən Musayev) bir deputat mandatına malik olacaq.
Seçkilərdə 24 deputatlığa namizədlə iştirak edən Müsavat Partiyası deputat yeri əldə edə bilməyib. Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edib.