Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs vermiş deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil edib.
“AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Almaniya Parlamentinin üzvü Frank Şvabenin “Azərbaycan əleyhinə” səsləndirdiyi fikirlərə dair cavabında deyib.
"Frank Şvabeyə yaxşı məlumdur ki, AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən daxil olmaqla ölkəmizə verilən siyasi səviyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir", XİN rəsmisi qeyd edib.
“Bununla yanaşı, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizənin mahiyyətinə zidd fikirlər səsləndirilməsi Şvabenin Azərbaycana qarşı qərəzini növbəti dəfə nümayiş etdirir.
Şvabenin COP29 çərçivəsində Azərbaycana səfər etmək niyyətinə gəldikdə qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb. AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanədək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək.
Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə sadiqdir, bu öhdəlikləri yaxşı anlayır. Bununla yanaşı, bu öhdəliklərin yalnız birtərəfli və ikili standartlar əsasında tətbiq edilməsinə, onlardan sui-istifadə edilərək ölkəmizə qarşı qərəzli yanaşmaların tətbiq edilməsinə yol verilməyəcəyini bir daha diqqətə çatdırırıq", Hacızadə vurğulayıb.
Bununla yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisinin bəyanatına Frank Şvabe və AŞPA hələ münasibət bildirməyib.
Almaniya Parlamentinin üzvü Frank Şvabe “Azadlıq Radiosunda” 23 avqust tarixində dərc edilmiş müsahibəsi zamanı Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, Azərbaycanın Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib.
Yanvarın 24-də AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ölkənin Avropa Şurası qarşısında “əsas öhdəliklərini yerinə yetirməməsi”, eləcə də prezident seçkilərinə Assambleyadan müşahidəçilər dəvət etməməsi səbəbindən 1 il müddətinə təsdiq etməyib.
Bu qərarın lehinə 76 deputat səs verib, 10-u “əleyhinə” çıxıb, 4-ü isə bitərəf qalıb.