Böyük Britaniyanın bir qrup deputatı Azərbaycan hökumətini iqtisadçı alim Qubad İbadoğlunu azad etməyə çağırıb.
“Global Witness” beynəlxalq qeyri-hökumət təşkilatının Azərbaycan prezidenti İIham Əliyevə ünvanladığı məktubu Britaniyanın qanunverici orqanlarının 25-dən artıq üzvü, o cümlədən İcmalar palatasının səkkiz deputatı, Lordlar palatasının üzvləri və bir sıra beynəlxalq təşkilatlar imzalayıb.
Məktbuda Qubad İbadoğlunun qeyd-şərtsiz azadlığa buraxılmasına çağırış edilir, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin akademikinin hökumətin siyasətini tənqid edən məqalələrdən sonra saxlanıldığı vurğulanır.
“Azərbaycan məhkəmələri indi işi dondurub, məhkəmə prosesini təxirə salıb və doktor İbadoğlunu qeyri-müəyyən müddətə girov saxlamağa hazırlaşır. Sizi onu qeyd-şərtsiz azad etməyə, xaricdə tibbi müalicə almasına, ailəsi ilə birləşməsinə icazə verməyə çağırırıq”, məktubda qeyd edilir.
Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi etməsini, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin bu ilki tədbirin sülhə xidmət edəcəyini deməsini xatırladan müəlliflər əlavə edib ki, Azərbaycan bu konfransı həqiqətən sülh tədbirinə çevirmək istəyirsə, İbadoğlunu dərhal və qeyd-şərtsiz azad etməli, ona qarşı bütün ittihamları ləğv etməlidir.
Məktubu avqustun 15-də Qubad İbadoğlunun oğlu İbad Bayramov Azərbaycanın Londondakı səfirliyinə təqdim edib.
“Mən hər gün, hər an atamın siyasi motivli həbs nəticəsində gördüyü rəftardan narahatam”, İbad Bayramov deyib.
Şotlandiyanın Yaşıllar partiyasının həmsədri Patrik Harvi deyib ki, Britaniya hökumətinin tənqidi səsləri boğmağa çalışan avtoritar rejimlərə qarşı mübarizəni gücləndirməlidir.
“Dünyanın çox hissəsində avtoritar rejimlər qanuni müxalif fikirlərə və tənqidlərə qarşı təzyiq göstərmək üçün və çox vaxt korporativ maraqlar naminə öz səlahiyyətlərindən sui-istifadə edir. Bizim hökumətin bununla ən yüksək səviyyədə mübarizə aparması vacibdir”, Harvi vurğulayıb və əlavə edib ki, müxalif səslər qisas qorxusu olmadan səslərini ucalda bilməlidirlər.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulun 23-də həbs edilib.
Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.