Accessibility links

Beynəlxalq təşkilatlar Qubad İbadoğlunun ölkədən çıxışının təmin edilməsini istəyirlər


Qubad İbadoğlu
Qubad İbadoğlu

Publish What You Pay (PWYP) və Crude Accountability (CA) təşkilatları iqtisadçı, professor Qubad İbadoğlunun ölkədən çıxışına icazə verilməsini istəyirlər.

Təşkilatlar öz bəyanatında qeyd edirlər ki, aorta damarının diametri onun həyatı üçün təhlükə yarada biləcək həddədir.

Təşkilatlar Qubad İbadoğlunun sağlamlıq vəziyyəti ilə bağlı dərin narahatlıq keçirdiklərini bildirirlər. Onlar Azərbaycan hökumətinə müraciət edərək, onun ehtiyacı olduğu müalicəni alması üçün xaricə çıxışının təmin edilməsini istəyirlər.

"Professor İbadoğlu Azərbaycanın tanınmış siyasi iqtisad alimi və anti-korrupsiya fəalıdır. Hazırda Bakıda ev dustaqlığında saxlanılır. O, 2023-cü il iyulun 23-də saxta ittiham, zorakılıqla həbs olunduqdan 9 ay sonra istintaq təcridxanasından ev dustaqlığına buraxılıb. Təcili cərahi müdaxilə tələb edən ürəkdə aortanın genişlənməsi xəstəliyinin şiddətlənməsinə baxmayaraq, beynəlxalq standartlar pozulmaqla uzun müddət qanunsuz həbsdə saxlandığı müddətdə doktor İbadoğlunun səhhəti pisləşib. Çoxsaylı müraciətlərə və müdaxilələrə baxmayaraq, Azərbaycan hakimiyyəti İbadoğlunun müvafiq tibbi xidmətdən istifadəsinə şərait yaratmır".

Təşkilatlar bəyan edir ki, ABŞ-da yaşayan kardioloqun mövcud tibbi müayinə sənədləri əsasında apardığı son tibbi qiymətləndirməyə görə, Qubad İbadoğlunun aorta damarının diametri həyatı üçün təhlükəli vəziyyətdədir.

"Azərbaycan hakimiyyəti Qubad İbadoğluna və Azərbaycanda siyasi motivlərlə saxlanılan bir çox digər hüquq müdafiəçilərinə, jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı bütün ittihamları ləğv etməli, onları dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır. Beynəlxalq təşkilatlar isə bu məsələlərlə bağlı Azərbaycana təzyiq etməlidir", bəyanatda deyilir.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pulların satışı) və 167-3.1-ci (ekstremizmyönlü materialların saxlanması və yayılması) maddələrilə həbs edilib.

İqtisadçı beynəlxalq təşkilatlar və yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

2024-cü il aprelin 22-də məhkəmə İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatəti təmin edib.

Mayın 21-də istintaq müddəti avqustun 20-dək uzadılıb. İqtisadçı barədə seçilmiş həbs qətimkan tədbiri polisin nəzarətinə verilmə ilə yüngülləşdirilib.

Forum

XS
SM
MD
LG