Accessibility links

Britaniyanın anti-korrupsiya təşkilatları Qubad İbadoğlunun azad edilməsinə çağırır


Qubad İbadoğlu
Qubad İbadoğlu

Britaniyanın korrupsiyaya qarşı mübarizə təşkilatları yeni Leyboristlər hökumətini anti-korrupsiya fəaliyyəti ilə tanınan azərbaycanlı iqtisadçı alim Qubad İbadoğlunun azadlığa buraxılmasını təmin etməyə çağırırlar.

Ötən il iyulun 23-də saxlanılan Qubad İbadoğlu saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda ittiham edilərək həbs edilib. O, ittihamları rədd edib və həbsinin siyasi sifariş olduğunu qeyd edib.

“Transparency International UK” və “Spotlight on Corruption” təşkilatları Azərbaycanın korrupsiya ilə mübarizə və insan hüquqları sahəsindəki göstəricilərinə diqqət çəkərək İbadoğlunun həbsininin siyasi motivli və korrupsiyaya qarşı fəaliyyəti ilə əlaqəli olduğunu hesab edir.

“Transparency International UK” təşkilatının siyasət direktoru Dankan Heyms deyib ki, Böyük Britaniya Azərbaycandan gələn çirkli pullara və hakimiyyətdə olanların insan hüquqları pozuntularına göz yummamalıdır.

“Azərbaycan korrupsioner və repressiv rejim tərəfindən idarə olunur. Böyük Britaniyanın yeni Xarici İşlər Naziri kleptokratiya ilə mübarizə üçün daha çox iş görməyin zəruriliyindən ehtirasla danışdı. Onun bu fürsətdən istifadə edərək doktor İbadoğlunun dərhal azad edilməsini müdafiə edəcəyinə ümid edirik”, Heyms qeyd edib.

Bu günədək bir sıra azərbaycanlı rəsmilərin, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevin əmisi Cəlal Əliyevin qızı İzzət Cavadovaya, Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyevə məxsus hesablardakı 10 milyon dollardan artıq pul qeyri-qanuni yollarla əldə edildiyi üçün məhkəmə qərarı ilə müsadirə edilib.

Hazırda Britaniya məhkəmələrində Feyziyev ailəsinə məxsus 63 milyon dollar dəyərində ölçülən daşınmaz əmlakın və Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin ailəsinə məxsus 20 milyon dollardan artıq dəyərə malik əmlakın müsadirə edilməsi üçün çəkişmələr davam edir.

“Həqiqətən acınacaqlı olan, azad adlanan dünyada bir çox siyasətçinin onilliklər ərzində Azərbaycandakı korrupsiya rejiminin səxavətli qonaqpərvərliyini qəbul etməsidir. Onlar bunu etməklə dolayı yolla repressiyaları, korrupsiyanı, avtoritarizmi dəstəkləyirlər”, Qubad İbadoğlunun oğlu İbad Bayramov deyib.

İyulun 23-də bir sıra beynəlxalq təşkilatlar Qubad İbadoğlunun həbsindən bir il ötməsi ilə əlaqədar birgə bəyanat yayaraq Azərbaycan hakimiyyətini tənqidi səslərə qarşı siyasi təqiblərə son qoymağa, siyasi məhbusları azad etməyə çağırıblar.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

Forum

XS
SM
MD
LG