“Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir”. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller iyulun 22-də ənənəvi brifinqdə Turan agentliyinin sualının cavabında bildirib.
“Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində mühüm irəliləyişləri davam etdirir. Biz bu prosesi dəstəkləməyə sadiqik. Artıq sülhün vaxtıdır. Biz bu sazişə nail olmaq üçün çalışmağa davam edirik”, o qeyd edib.
Miller Turanın Avropa İttifaqının Ermənistana maliyyə dəstəyi ilə bağlı sualına cavabdan yayınıb.
“Mənim bununla bağlı konkret deyəcəyim bir şey yoxdur”, o qeyd edib.
Reuters agentliyinin məlumatına görə Azərbaycanın yüksək səviyyəli rəsmisi iyulun 21-də bildirib ki, Azərbaycan və Ermənistan daha geniş razılaşmanın müzakirəsini davam etdirən zaman gələcək sülh müqaviləsinin əsas prinsipləri ilə bağlı sənəd imzalamağı müvəqqəti tədbir kimi təklif edir.
Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də sazişin mətninin 80-90 faiz hazır olduğunu deyib, lakin Ermənistanın Qarabağın müstəqilliyinə dolayı istinadı aradan qaldırmaq üçün konstitusiyaya dəyişiklik etmədən onu imzalamağın mümkün olmadığını bir daha vurğulayıb.
Hər iki ölkə son aylarda Ermənistanın dörd sərhəd kəndini Azərbaycana qaytarmağa razılaşaraq, sərhədin demarkasiyası da daxil olmaqla, sülh sazişində irəliləyiş əldə etməyə çalışır.
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Reuters agentliyinə əsas prinsiplərə dair sənədin müvəqqəti tədbir kimi qiymətləndirilə biləcəyini və ikitərəfli münasibətlərin əsasını təşkil edə və iki ölkə arasında qonşuluq münasibətlərini təmin edə biləcəyini bildirib.
Hacıyev əlavə edib ki, sənəd noyabrda Azərbaycanda COP29 iqlim sammiti keçirilənə qədər imzalana bilər.
Ermənistanın baş naziri Nikol Paşinyan iyun ayında Azərbaycanla sülh müqaviləsinin tamamlanmaq üzrə olduğunu, lakin ölkəsinin konstitusiyasını dəyişdirmək tələblərini qəbul etməyəcəyini bildirib.
Bu açıqlamalardan sonra kəndlərin Azərbaycana qaytarılması da daxil olmaqla, onun siyasətini pisləyən və onun istefasını tələb edən etirazlar dalğasının növbəti aksiyasında polislə nümayişçilər arasında qarşıdurma yaranıb.
İyulun 5-də Ermənistanın Konstitusiya günündə Paşinyan bildirib ki, ölkənin “insanların yaratdıqları, qəbul etdikləri, orada yazılanların onların yaratdıqları dövlət haqqında və bu dövlətdə insanlar və vətəndaşlar arasında münasibətlər haqda təsəvvürlərini əks etdirən” yeni konstitusiyaya ehtiyacı var.
Bununla yanaşı, Avropa İttifaqının iyulun 22-də Ermənistana Avropa Sülh Fondu çərçivəsində 10 milyon avro hərbi yardım ayırması rəsmi Bakının etirazına səbəb olub.
Rəsmi məlumata görə, yardımın məqsədi Ermənistan ordusunun maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.
Rəsmi Bakı Avropa İttifaqı Şurasının qərarına etiraz edib və göstəriləcək yardım barədə şəffaf məlumat tələb edib.
“Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür”, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Hərbi yardımın Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcəyini deyən Ayxan Hacızadə əlavə edib ki, Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır.
Öz növbəsində Ermənistan Aİ-nin hərbi yardımla bağlı qərarını alqışlayıb.
“Bu, ortaq dəyərlərə, prinsiplərə və rifaha baxışa əsaslanan Ermənistan-Aİ tərəfdaşlığında çox mühüm mərhələdir”, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edib.