Accessibility links

ABŞ dövlət katibi Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, Vaşinqton, 10 iyul, 2024 (mənbə-Azərbaycan Xarici İşlər Nazirliyi).
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, Vaşinqton, 10 iyul, 2024 (mənbə-Azərbaycan Xarici İşlər Nazirliyi).

ABŞ dövlət katibi Antoni Blinken NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində iyulun 10-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüş keçirib.

Dövlət Departamentinin sözçüsü Metyu Millerin görüşə bağlı verdiyi açıqlamada dövlət katibi Blinkenin uzunmüddətli və layiqli sülh sazişi istiqamətində əldə edilən irəliləyişi müzakirə etdiyi və sazişin tezliklə yekunlaşdırılması üçün əlavə addımların atılmasına təşviq etdiyi bildirilir. Açıqlamada deyilir ki, ABŞ dövlət katibi sülhün bütün Cənubi Qafqaz regionuna fayda verəcək regional əlaqələrin inkişafında vacibliyini vurğulayıb.

Blinken görüşdən öncə verdiyi açıqlamada Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə edilməsinin bütövlükdə region üçün fövqəladə imkanlar açacağını vurğulayıb.

“Son bir il yarım ərzində Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması istiqamətində danışıqlarda çox mühüm işlər görüblər. Bu, uzunmüddətli, ləyaqətli, hər iki ölkə, onların paylaşdıqları region və Birləşmiş Ştatlarla əlaqələri üçün fövqəladə imkanlar açacaq bir sazişdir,” Blinken bildirib.

ABŞ dövlət katibi Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyinə sadiq qaldığını və sülh sazişinin imzalanması üçün real imkanın olduğunu qeyd edib.

“Bütün bu proses boyunca Birləşmiş Ştatlar Avropa İttifaqı və Avropadakı bir çox həmkarları ilə birlikdə yardım və dəstək göstərib. Bu gün əldə edilmiş irəliləyişləri və qalan məsələləri nəzərdən keçirmək üçün bir imkan var,” Blinken görüş zamanı deyib.

ABŞ dövlət katibi tərəflərin sülhə nail ola olmağa yaxın olduğuna inandığını bildirib və Birləşmiş Ştatların göstərə biləcəyi köməyi müzakirə etməyə hazır olduğunu vurğulayıb.

“İnanıram ki, hər iki ölkə Birləşmiş Ştatların qətiyyətlə, güclü şəkildə dəstəkləyəcəyi yekun razılaşma əldə etməyə çox yaxındır,” Blinken qeyd edib.

“Buna görə də mən bu gün harada olduğumuzu bir daha qiymətləndirmək və ABŞ-ın razılığa gəlməkdə sizə kömək etmək üçün daha nə edə biləcəyini nəzərdən keçirmək imkanına görə minnətdarlığımı bildirirəm,” o əlavə edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iyulun 9-da brifinq zamanı Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında diplomatik nizamlanma üzərində işləməyə davam etdiyini deyib.

BMT baş katibinin sözçüsü Stefan Dujarrik Vaşinqtonda dövlət katibi Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə üçtərəfli görüşünə dair sualı cavablandıraraq, iki ölkə arasında münasibətlərin normallaşmasının bütünlükdə region üçün əhəmiyyətini qeyd edib.

“Biz həqiqətən ümid edirik ki, normallaşma prosesi öz bəhrəsini verəcək. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının, eləcə də bir sıra ikitərəfli məsələlərin həllinin təkcə hər iki ölkəyə deyil, bütövlükdə regiona çox müsbət təsiri olardı,” Dujarrik bildirib.

Forum

XS
SM
MD
LG