Accessibility links

Azərbaycan-NATO tərəfdaşlığının perspektivləri müzakirə edilib


Ceyhun Bayramov Xavier Kolomina ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib (Foto: XİN)
Ceyhun Bayramov Xavier Kolomina ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib (Foto: XİN)

NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina arasında görüş keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.

Məlumatda deyilir ki, görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən, enerji təhlükəsizliyi, hərbi təhsil və təlim, humanitar minatəmizləmə məsələləri müzakirə edilib.

"Azərbaycan-Ermənistan sülh prosesi, regional və beynəlxalq təhlükəsizliyin vəziyyəti və çağırışlar da gündəmdə olub", məlumatda deyilir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərdədir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO zirvə görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Azərbaycan-NATO əlaqələri

NATO Azərbaycanla təhlükəsizlik, müdafiə islahatları və terrorla mübarizə də daxil olmaqla, bir çox sahələrdə əməkdaşlıq edir. Ölkənin islahatlar səylərinə dəstək NATO üçün prioritetdir.

Bu barədə NATO-nun Azərbaycanla əməkdaşlığı əks etdirən rəsmi məlumatında deyilir.

NATO ilə münasibətlər 1992-ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv olması ilə başlayıb. İkitərəfli əməkdaşlıq isə Azərbaycanın 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulması ilə başlayıb.

NATO və Azərbaycan 2008-ci ildə NATO standartlarını ölkənin Peşəkar Hərbi Təhsil (PME) müəssisələrinin tədris metodologiyalarına və kurikulumlarına inteqrasiya etmək üçün birgə razılaşdırılmış Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı (DEEP) üzərində işə başlayıb.

DEEP həmçinin Azərbaycanda yeni yaradılmış dil tədris mərkəzini dəstəkləyir.

1999-2008-ci illərdə Azərbaycan qoşunları NATO-nun Kosovodakı sülhməramlı qüvvələrinin tərkibində olub.

Azərbaycan 2002-ci ildən 2014-cü ilədək, NATO-nun rəhbərlik etdiyi əməliyyatın sonuna qədər Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə fəal dəstək verib. Ölkə həmçinin təlim, məsləhət və yardım məqsədilə növbəti Qətiyyətli Dəstək Missiyasını dəstəkləyib. Əfqanıstan təhlükəsizlik qüvvələri və NATO-nun Əfqanıstan Milli Ordusu Etimad Fonduna töhfə verib.

Turan agentliyinin Siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə deyib ki, NATO Cənubi Qafqazı özünün maraq dairəsi sayır və buradakı ölkələri tərəfdaş hesab edir. NATO-Azərbaycan əməkdaşlığının genişləndirilməsinin Azərbaycan üçün perspektivlərinə toxunan Hacıyev hesab edir ki, bu, Azərbaycan Ordusunun gücləndirilməsi üçün lazımdır.

Forum

XS
SM
MD
LG