Accessibility links

Azərbaycan Ermənistanla tam sülh sazişinə qədər müvəqqəti tədbir təklif edir


Arxiv fotosu - Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Sankt-Peterburqda görüşü zamanı, 26 dekabr 2023.
Arxiv fotosu - Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Sankt-Peterburqda görüşü zamanı, 26 dekabr 2023.

Azərbaycanın yüksək səviyyəli rəsmisi bazar günü bildirib ki, Azərbaycan və Ermənistan daha geniş razılaşmanın müzakirəsini davam etdirən zaman gələcək sülh müqaviləsinin əsas prinsipləri ilə bağlı sənəd imzalamağı müvəqqəti tədbir kimi təklif edir.

Ermənistan və Azərbaycan dəfələrlə Azərbaycanın keçmiş separatçı Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişəyə son qoymaq məqsədilə sülh müqaviləsi imzalamaq istədiklərini bildiriblər.

Azərbaycan prezidenti İlham Əliyev şənbə günü sazişin mətninin 80-90 faiz hazır olduğunu deyib, lakin Ermənistanın Qarabağın müstəqilliyinə dolayı istinadı aradan qaldırmaq üçün konstitusiyaya dəyişiklik etmədən onu imzalamağın mümkün olmadığını bir daha vurğulayıb.

Qarabağın etnik erməni sakinləri 2023-cü ilin sentyabrında Azərbaycanın ərazinin geri alınması və 100 minə yaxın erməninin qaçması ilə nəticələnən hücumuna qədər otuz ildən çox müddət ərzində Azərbaycandan de-fakto müstəqillik əldə etmişdi.

Hər iki ölkə son aylarda Ermənistanın dörd sərhəd kəndini Azərbaycana qaytarmağa razılaşaraq, sərhədin demarkasiyası da daxil olmaqla, sülh sazişində irəliləyiş əldə etməyə çalışır.

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev Reuters agentliyinə əsas prinsiplərə dair sənədin müvəqqəti tədbir kimi qiymətləndirilə biləcəyini və ikitərəfli münasibətlərin əsasını təşkil edə və iki ölkə arasında qonşuluq münasibətlərini təmin edə biləcəyini bildirib.

Hacıyev əlavə edib ki, sənəd noyabrda Azərbaycanda COP29 iqlim sammiti keçirilənə qədər imzalana bilər.

Ermənistanın baş naziri Nikol Paşinyan iyun ayında Azərbaycanla sülh müqaviləsinin tamamlanmaq üzrə olduğunu, lakin ölkəsinin konstitusiyasını dəyişdirmək tələblərini qəbul etməyəcəyini bildirib.

Bu açıqlamalardan sonra kəndlərin Azərbaycana qaytarılması da daxil olmaqla, onun siyasətini pisləyən və onun istefasını tələb edən etirazlar dalğasının növbəti aksiyasında polislə nümayişçilər arasında qarşıdurma yaranmışdı.

İyulun 5-də Ermənistanın Konstitusiya günündə Paşinyan bildirib ki, ölkənin “insanların yaratdıqları, qəbul etdikləri, orada yazılanların onların yaratdıqları dövlət haqqında və bu dövlətdə insanlar və vətəndaşlar arasında münasibətlər haqda təsəvvürlərini əks etdirən” yeni konstitusiyaya ehtiyacı var.

Forum

XS
SM
MD
LG