Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə göndərilən Çinin ilk yük avtomobilləri iyulun 5-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmisi ilə Azərbaycana çatdırılıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin məlumatında deyilir ki, 26 yük avtomobilindən ibarət ilk konvoy iyulun 3-də Qazaxıstanın Kurik limanında ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus "Merkuri-1" gəmi-bərəsinə yüklənərək yola salınıb.
“Artıq Azərbaycana çatan avtomobillər buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə göndəriləcək. Bundan öncə cari ilin mayında Çin Avropaya Kurıkdan Orta Dəhliz ilə sınaq rejimində 80 ton ağırlığında üç yük maşını göndərmişdi”, məlumatda qeyd edilir.
Xatıraladaq ki, ASCO-nun nəqliyyat donanmasına 52 gəmi, o cümlədən 21 tanker, 13 gəmi-bərə, 14 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, 2 Ro-Pax tipli gəmi daxildir.
Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan Azərbaycan Dəniz Gəmiçiliyi Transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə eyni zamanda, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərir.
Rəsmi məlumatlara görə, Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur və tranzit və yükdaşıma baxımından səmərəlidir. 5400 kilometr uzunluğunda olan Şərq-Qərb nəqliyyat dəhlizi boyunca orta tranzit müddəti 15 gündür.