Accessibility links

Emin Şaiq İbrahimov: Azərbaycan-NATO münasibətlərində inteqrasiya məqsədləri olmayıb


Emin Şaiq İbrahimov Azərbaycan-NATO münasibətlərinin perspektivlərini müzakirə edir
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Keçmiş diplomat Emin Şaiq İbrahimov Amerikanın Səsinə müsahibəsində NATO Baş katibinin Cənubi Qafqaz ölkələrinə səfərinin nəticələrindən, o cümlədən Azərbaycan-NATO əlaqələrinin perspektivlərindən danışıb.

Amerikanın Səsi: NATO Baş katibinin Cənubi Qafqaz ölkələrinə səfərinin nəticələrini necə izah edərdiniz? Bu səfərin əsas priroitetləri və siyasi məzmunu hansı mesajları verir? Baş katibin səfəri regionda sülh prosesinə hansı töhfələri verə bilər?

Emin Şaiq İbrahimov: Məlumdur ki, NATO Baş katibinin son səfəri ikitərəfli münasibətlərlə bağlı deyil. Əsas fokus regional kontekstdir. Regionda təhlükəsizlik məsələsinin kəskinləşməsi idi. Regionda Qərb və Rusiya arasındakı geosiyasi qarşıdurma idi. Bu kontekstdə Azərbaycan və Ermənistan arasındakı gərginlik, ola biləcək hərbi toqquşmalar və yaxud müharibə idi. NATO Baş katibinin regiona səfəri əsasən bu kontekstdə baş verirdi. Qərb çalışır ki, daha spesifik desək, Azərbaycan və Ermənistan arasında ehtimal olunan hərbi toqquşmaların qarşısını alsın. Ümumiyyətlə bu hansı kontekstdə baş verir? Biz görürük ki, Rusiya hakimiyyəti Azərbaycan hakimiyyəti vasitəsilə Ermənistana bir təzyiq həyata keçirir. Bu həm də əsasən hərbi yolla həyata keçirilir. Bunlar istər-istəməz çalışırlar ki, Ermənistanı Rusiyanın orbitinə qaytarsınlar. İstər-istəməz Qərb bunu öz maraqlarına qarşı hesab edir və kollektiv Qərbin də bir çox alətləri, institutları var. NATO da bunun əsaslarından biridir. Onlar da çalışırlar müxtəlif vasitələrlə regionda gedən proseslərə, təhlükəsizlik mühitinə öz təsirlərini göstərsinlər. Belə deyək də, bu gərginliyin qarşısını alsınlar. Bunu bacaracaqlarmı və ya bacarmayacaqlarmı? Mən hesab edirəm ki, bu, çox çətin məsələdir. Çünki son illərdə Rusiya ilə aparılan bu siyasət Bakının Moskvadan böyük bir aslılığını yaradıb. Mən hesab edirəm ki, hərbi gərginliklərin olma ehtimalı yüksəkdir. Bəlkə də deyə bilərik ki, qaçılmazdır.

Amerikanın Səsi: Sizcə Azərbaycanın NATO-ya inteqrasiyası üzvlük mərhələsinə qədər inkişaf edə bilərmi?

Emin Şaiq İbrahimov: Ümumiyyətlə qeyd edim ki, Azərbaycan və NATO arasındakı münasibətlərdə heç vaxt inteqrasiya məqsədləri olmayıb. Otuz ildir təxminən Azərbaycan və NATO arasında bir əməkdaşlıq var. Burada müxtəlif proqramlar olub. Mən detallara getmək istəmirəm. Amma heç vaxt Azərbaycan və NATO arasında strateji bir vizion olmayıb. Mən deyərdim ki, otuz il müddətində Azərbaycan və NATO münasibətlərində hər iki tərəf bir-birilərini yola veriblər. Hansısa bir keyfiyyət dəyişkliyi olmayıb. Siz üzvlük məsələsini qeyd elədiniz. Azərbaycanın NATO-ya üzvlük məsələsindən danışmaq, yəqin ki, bu, “fantastika janrına” gedib çıxardı. Xüsusilə Azərbaycanın indiki hakimiyyətinin, avtoritar rejimin vaxtına. Məsələ təkcə bunun geosiyasi zəminindən mümkün olub-olmamasından getmir. NATO-ya üzv olmağın əsas şərtlərindən biri odur ki, siz demokratik olmalısınız. Türkiyə İkinci Dünya müharibəsindən sonra necə demokratikləşdi? Bu Qərbə geosiyasi olaraq yaxınlaşma və NATO üzvlüyü konteksində reallaşdı. Ona görə üzvlük məsələsi ümumiyyətlə mümkün deyil. Bu hakimiyyətin dövründə Ərəb liqasına üzvlük daha real səslənir, nəyinki NATO-ya. Bu, mümkün olan bir şey deyil.

Amerikanın Səsi: Bəs Cənubi Qafqaz ölkələrinin NATO-ya inteqrasiyasının intensivliyinin artması Rusiya və İrandan hansı təhdidlərə səbəb ola bilər. Təhdidlərin artması fonunda NATO Cənubi Qafqaz ölkələrinin təhlükəsizlik maraqlarını qoruya blərmi?

Emin Şaiq İbrahimov: Ümumiyyətlə mən Azərbaycanla bağlı dedim. Qalır iki ölkə - Gürcüstan və Ermənistan. Yeganə Cənubi Qafqaz ölkələrindən Gürcüstan rəsmi olaraq öz arzusunu ifadə edib. Ermənistanda isə hansısa bir iradə ifadə olunmayıb. Amma onlar da Qərb inteqrasiya xəttini tutublar. İstər-istəməz siz Qərb inteqrasiya xəttini tutursunuzsa, sizin beyninizin bir küncündə mütləq NATO məsələsi var. Məsələn bizdə deyirlər ki, nə olsun ki, Gürcüstan NATO-ya üzvlük məqsədi güdür. Üzvlik onsuz da reallaşmır. Mənası yoxdur. Mən isə belə fikirləşmirəm. Məsələ odur ki, bu, ümumi bir Qərbə inteqrasiya xəttidir. NATO-ya üzvlük onun bir elementidir. Çox maksimalist bir məqsəddir. Amma siz maksimalist məqsədi qoyub faktiki olaraq Qərb istiqamətində nələrəsə nail olursunuz. Məsələn, vizasız Avropaya gedib-gəlirlər. Ən əsası ölkənin bir strateji vizionu olur. Məsələn, onlar nə etmək istəyir? NATO-ya üzvlik istəyir. Azərbaycan isə nə etmək istəyir? Strateji vizion nədən ibarətdir? Məsələn, bizimkilər daha çox danışırlar Asiyadan, şərq istiqamətindən. Çalışırlar bu istiqaməti türkçülik, turançılıqla “malalamaqla” yola versinlər. Bu ona xidmət edir ki, demokratik xəttən yayınsınlar və ört-basdır etsinlər. Təbii ki, Rusiya burada bir faktordur. NATO-nun burada genişlənməsinə qarşı bir faktordur. Tarix həddindən artıq sürətlə inkişaf edir. Tarixin müəyyən dövrləri var ki, sıçrayış baş verir. Biz deyə bilmərik 2-3 il sonra nə olacaq. Hər şey ola bilər. İran da istəmir sözsüz ki, NATO bura girsin. Amma burada NATO-ya qarşı əsas geosiyasi qalxan rolunu Rusiya təşkil edir. Rusiya Qərbi bura girməyə qoymur. İran isə bu xətdə nələrləsə kömək edə bilər. Əsas xətt Rusiya xəttidir.

Amerikanın Səsi: Son zamanlar NATO ölkələrinin Orta Dəhlizə və Cənub Qaz dəhlizinə maraqları artmaqda davam edir. Sizcə NATO bu dəhlizlərin təhlükəsizliyində hansı rol oynaya bilər?

Emin Şaiq İbrahimov: Ümumiyyətlə regionda Rusiya və Qərb arasında toqquşma gedir, rəqabət aparılır. Bu rəqabət həm də regionun sahibi olduğu müxtəlif strateji imkanları özündə ifadə edir. Bunlardan da siz qeyd elədiniz, biri elə Orta Dəhliz və Cənub Qaz Dəhlizi məsələsidir. Cənub dəhlizində prinsipcə Azərbaycan və Gürcüstandan sonra o biri tərəf onsuz da NATO ölkələrində yerləşir. Türkiyə üzü Balkanlara doğru. Orta Dəhliz isə Rusiya və İran arasında qərbdən şərqə yeganə xəttdir, məhz Qafqazdan keçir. Təbii ki, bu rəqabət həm də bunu özündə ehtiva edir. Məsələn Rusiya çalışır ki, Zəngəzur Dəhlizini ələ keçirsin. Yəni bu da dəhlizə nəzarət məsələsinin bir tərkib hissəsidir. NATO-nun burada hansısa bir formada yenə də əvvəlki sualda dediyim kimi möcudluğu bu gün üçün mümkün görünmür. Amma şərtlər çox surətlə dəyişir. Biz üç-dörd ildən sonra necə olacaq, onu demək çox çətin məsələdir.

Amerikanın Səsi: NATO Baş katibi Cənubi Qafqaz ölkələrini Rusiya-Ukrayna müharibəsinin ağır fəsadları fonunda Ukraynaya daha çox dəstək verməyə çağırıb. Sizcə bu dəstək nə ola bilər?

Emin Şaiq İbrahimov: Mən fikirləşirəm ki, Azərbaycanın, eləcə də digər region ölkələrinin Ukraynaya dəstəyində hansısa xüsusi bir keyfiyyət dəyişikliyi olmayacaq. Bu günə kimi Azərbaycan nə göndərirdi? Humanitar yardım göndərirdi. Mən fikirləşirəm ki, bu formada da davam edəcək. Ermənistan da yenə də fikirləşirəm ki, humanitar yardım göndərəcək, məsələn bizdən də daha az olacaq. Məsələn, onlar qərb cəbhəsində olduqlarını vurğulamaq üçün hansısa simvolik hərəkətlər eləyə bilərlər. Amma ümumi olaraq mən hansısa qeyri-adi keyfiyyət dəyişikliyini gözləmirəm. Hesab edirəm ki, o dinamika davam edəcək.

Forum

XS
SM
MD
LG