İranın rəsmi və yarı-rəsmi xəbər agentlikləri cümə günü keçirilən növbədənkənar prezident seçkilərində namizədlərin ölkənin müxtəlif vilayətlərindən topladığı səslərə dair məlumat yayıblar.
Ölkədə seçici fəallığının 40 faiz olduğu açıqlanan prezident seçkilərinin birinci turunda islahatçı siyasətçi və Təbrizin hazırkı millət vəkili Pezeşkian 42.45 faiz, sərtxətt tərəfdarı və sabiq nüvə müzakirəçisi Səid Cəlili isə 38.61 faiz səs toplayaraq cümə günü iyul ayının 5-də keçiriləcək olan ikinci turda yarışmağa haqq qazanıblar.
Agentliklərin bazar günü yaydığı statistik məlumatlara əsasən, seçkilərin ilk turunda birinci çıxan Pezeşkian ən çox səsi başda türklər olmaqla, ölkənin qeyri-fars və qeyri-şiə icmalarının yaşadığı bölgələrdən toplayıb, Cəlili şiə fars icmalarının yaşadığı bölgələrdə birinci yeri tutub.
SEE ALSO: İranda prezident seçkiləri ikinci tura qaldı, ilk turda ən çox səsi Məsud Pezeşkian toplayıbRəsmi İRNA və yarı-rəsmi Tasnim agentliklərinin məlumatına görə, Pezeşkian 16 vilayətdə, Cəlili isə 15 vilayətdə ən çox səs toplayıb.
Təbrizin islahatçı millət vəkili və keçmişdə İran Parlametində yaradılmış Türk Bölgələri Fraksiyasının təsisçi başqanı Məsud Pezeşkianın namizədlər arasında olması seçkilərdən öncəki həftələrdə İran Azərbaycanında siyası atmosferi keçən dönəmə görə daha hərəkətləndirmişdi.
Agentliklərin yaydığı məlumatlara əsasən, İran Azərbaycanının üç sərhəd vilayəti olan Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbildə keçmiş dönəmə görə seçici fəallığı azalmış olsa da, hər üç vilayətdə seçicilərin 75 faizindən çoxu Məsud Pezeşkiana səs verib.
Məsud Pezeşkian İran Azərbaycanının digər vilayəti Zəncandan 50 faizin üzərində səs alıb. O, həmçinin qeyri-fars və ya qeyri-şiə icmalarının yaşadığı Kürdüstan, İlam, Kirmanşah, Bəluçistan və Gilan kimi vilayətlərdə səslərin yarısından çoxunu qazanıb. Pezeşkian etnik və dini azlıqların yaşadığı bir neçə vilayətdə isə səslərin əksəriyyətini almasa da, digər namizədlərdən daha çox səs toplayıb.
SEE ALSO: İranın ali lideri prezidentlik yarışındakı yeganə islahatçıya xəbərdarlıq edibYerli mənbələr Pezeşkianın azlıqların yaşadığı bəzi qəsəbələrdə diqqətəlayiq səviyyədə səs qazandığını bildiriblər. O cümlədən Urmiyədə sünni türk icmasının yaşadığı Balov, Quluncu, Gəcin, Kəhriz və Hamamlar kimi qəsəbələr və kəndlərdə sandığa gedənlərin 90 faizindən çoxu Pezeşkiyana səs verib.
Pezeşkian türk əlahisinin çox olduğu Tehranda da Cəlilidən daha çox səs alıb. Seçici fəallığının təqribən 33 faiz olduğu açıqlanan paytaxtda Pezeşkiyan səslərin 40 faizini, Cəlili isə 35 faizini toplayıb.
Sərtxətt tərəfdarı siyasətçi və keçmiş nüvə müzakirəçisi Səid Cəlilinin heç bir vilayətdə topladığı səs Pezeşkianın İranın Azərbaycanının üç sərhəd vilayətindəki səs səviyyəsinə çatmayıb. Ancaq o, İranın dini mərkəzləri sayılan Qum və Rəzəvi Xorasan kimi vilayətlər, eləcə də şiə fars icmasının əksəriyyətdə olduğu İsfahan, Simnan, Yəzd, Fars və Kirman kimi vilayətlərdə birinci yeri tutub.
SEE ALSO: Səməd Purmusəvi: Sandığa gedən türklər İran hakimiyyətinə deyil, öz arzularına və Azərbaycana səs verəcəklərPezeşkian seçki kampaniyaları dönəmində bir çox kəsim tərəfindən bölücü, pan-türkist və federalçı kimi ləqəblərlə günahlandırıldı. O, dövlət televiziyasında qatıldığı proqramda belə “pan-türkist tərəfdarları” ilə əlaqədar suallarla qarşılaşıb. Azərbaycan Milli Hərəkatına mənsub qüvvələr arasında seçimləri boykot etməyə çağıranlar olsa da, hərəkatın daha böyük bir qismi türklərin Pezeşkiana səs verməsini dəstəkləyib.
Məsud Pezeşkian və Səid Cəlili bazar günündən etibarən ikinci tur üçün seçki kampaniyalarını davam etdiriblər. Ekspertlər ikinci turda namizədlər və onların tərəfdarları arasında daha sərt mübahisələrin olacağını gözləyir.