ABŞ səfiri Mark Libbi iyunun 14-də Azərbaycanda yaşayan Amerika vətəndaşları ilə görüş keçirib.
Amerika səfirliyinin məlumatında deyilir ki, səfir Libbi görüş zamanı Amerika icmasının ABŞ ilə Azərbaycan arasında iqtisadi inkişafın təşviqinə və qarşılıqlı anlaşma əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə diqqət çəkib.
“Səfir həmçinin ABŞ-Azərbaycan münasibətlərinin möhkəmlənməsinin vacibliyini vurğulayıb”, ABŞ səfirliyinin məlumatında qeyd edilir.
Son aylarda ABŞ və Azərbaycan rəsmilərinin çıxışları əsasən Azərbaycan-Ermənistan sülh prosesi, təhlükəsizlik, enerji təhlükəsizliyi, COP 29 və insan hüquqları məsələlərinə yönəlib.
Bu il mayın 17-18-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-a səfər edib. Səfər çərçivəsində Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass Hikmət Hacıyevlə görüşü barədə bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi ilə görüşdə ABŞ-Azərbaycan ikitərəfli tərəfdaşlığı və ümumi prioritetləri, o cümlədən regionda davamlı və ləyaqətli sülh və Azərbaycanda keçiriləcək COP29-u müzakirə etdik.
“Biz Azərbaycanı haqsız yerə həbs edilənləri azad etməyə çağırmaqda davam edirik”, o qeyd edib.
Xatırladaq ki, son zamanlar Azərbaycan-ABŞ münasibətlərində insan hüquqları məsələlərinə tənqidi yanaşmalar davam edir.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Şuşa şəhərinə ilk köçən sakinlərlə görüşündə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini, həmçinin ABŞ-ın fəaliyyətini tənqid edib.
“Bu gün də baxın, bizə qarşı kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil”, dövlət başçısı qeyd edib.
Bundan öncə, aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycan və Ermənistanın Alma-Ata Bəyannaməsinə əsasən iki ölkə arasında sərhədin delimitasiyası ilə bağlı razılığa gəlməsini alqışlayıb.
Dövlət katibi ABŞ-ın bu səyləri dəstəkləməyə hazır olduğunu bir daha vurğulayıb, prezident Əliyevi erməni həmkarı ilə tempi saxlamağa çağırıb.
“Dövlət katibi Blinken ABŞ və Azərbaycan arasında güclü ikitərəfli münasibətlərə sadiqliyimizi vurğulayaraq, enerji, iqlim və kommunikasiya sahələrində ortaq məqsədlər üzrə əməkdaşlıq etmək və Bakıda keçiriləcək COP 29-un müvəffəqiyyətini təmin etmək üçün səylərimizi qeyd edib”, Dövlət Departamentinin məlumatında deyilir.
Məlumatda Blinkenin Azərbaycanın Qubad İbadoğlunun humanitar jest olaraq ev dustaqlığına buraxılmasını alqışladığı və onun tam və tezliklə azad edilməsinə çağırdığı qeyd edilir.