Azərbaycanın Baş naziri İranda anım mərasimində iştirak edəcək

Baş nazir Əli Əsədov

Azərbaycanın Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti helikopter qəzasında həyatını itirən İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.

Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatında deyilir ki, ki, mayın 22-də Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.

Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.

İranın Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər rəsmilərin olduğu helikopter mayın 19-da Azərbaycanla sərhəddə, Araz çayı üzərində tikilmiş “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının açılış mərasimindən geri dönərkən qəzaya uğrayıb. Nəticədə helikopterdə olan İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşimi və digər şəxslər həlak olub.