İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmirabdullahiyan və digər rəsmilərin İran Azərbaycanının Qaradağ bölgəsində helikopter qəzası nəticəsində ölməsi ölkə daxilində və beynəlxalq ictimaiyyətdə həm qəzanın mahiyyəti, həm də bundan sonra olacaqlar nöqteyi-nəzərindən diqqət mərkəzindədir.
Jurnalist və siyasi şərhçi Rza Talibi Amerikanın Səsinə söhbətində deyib ki, İranın ali lideri Seyyid Əli Xameneyi bu hadisədən də öz siyasi maraqları istiqamətində tam istifadə etməyə çalışacaq.
Bir çox siyasi şərhçi helikopterin qəzaya uğramasının xarici və ya yerli aktyorlar tərəfindən planlaşdırılmış sabotaj ola biləcəyini irəli sürür. İbrahim Rəisinin adı post-Xameneyi dövründə İranın dini lideri ola biləcək şəxslər arasında göstərilirdi. Bu səbəblə bəzi ekspertlər daxili rəqiblərin rolunu da istisna etmirlər.
Rza Talibinin sözlərinə görə, “son parlament və ekspertlər məclisi seçkilərinin Xameneyi tərəfindən dizayn edilməsindən sonra hakimiyyət daxilindəki çəkişmələr də artıb”.
“Rəisi də bu çəkişmələrdən kənarda deyildi. Çünki Rəisinin də ekspertlər məclisinin iclaslarında lobbi gücü çox olacaq idi... ancaq, qəza ilə bağlı ortaya çıxarılan nəzəriyyələrin hamısı ssenaridir,” o bildirib.
Talibi hesab edir ki, helikopter qəzası ilə əlaqədar əsas məsələ İslam Respublikasının bu hadisəni nə şəkildə ictimaiyyətə açıqlayacağı və ondan siyasi olaraq necə istifadə edəcəyi ilə bağlıdır.
“Keçmiş hadisələrə baxdığımız zaman Əhmədinejadın helikopter qəzası, Bənisədrin helikopter qəzası və ya Səttari, Kazımi və Dadman kimilərinin təyyarələrinin keçirdiyi qəzaların heç biri açıqlanmadı. Demək olar ki, İran İslam Cümhuriyyəti bunları açıqlamağa da maraq göstərmir. Çünki həm bir yandan hökümətin qorxunc bir görünüşünün olmasını istəyir, bir tərəfdən də ‘şəhidlər’ yaradaraq siyasi istifadə edir,” siyasi şərhçi bildirib.
İranın ali dini lideri Əli Xameneyi prezidentin birinci müavini Məhəmməd Müxbiri icra hakimiyyətinə məsul təyin edib. Bundan sonra qanuna əsasən 50 gün ərzində yeni prezident seçkiləri keçirilməlidir.
Rza Talibi 50 günlük dönəmə diqqət çəkərək deyir ki, ali ruhani lider Xameneyi bu prosesdən də öz siyasi maraqları istiqamətində istifadə etməyə çalışacaq.
“Mən düşünürəm ki, son seçkilərdə insanların çox zəif səviyyədə iştirak etdiyinə görə, Xameneyi çalışacaq bu olaydan elə istifadə etsin ki, xalqı sandıq başına çəksin və bununla bərabər post-Xameneyi dönəminin inşası üçün son kərpicləri, son daşları düzsün” - deyə, o əlavə edib.
Forum