Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də İranın ölkədəki səfirliyində olub, bu ölkənin Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.
Prezident Əliyev bildirib ki, İran Prezidenti Seyid İbrahim Rəisinin faciəli şəkildə həlak olması onu dərindən sarsıdıb.
“Onunla bərabər xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər şəxslər faciəli şəkildə həlak olublar. Allah onlara rəhmət eləsin. İran xalqının başı sağ olsun. Bu, böyük itkidir. Bu itki təkcə İran xalqına, dövlətinə üz verməyib, bütün müsəlman aləminə üz verib”, o qeyd edib.
Əliyev mayın 19-da dövlət sərhədində Seyid İbrahim Rəisi ilə böyük infrastruktur layihəsinin açılışında birgə iştirakını xatırladıb.
“Bu İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. Açılış mərasimindən sonra həm mərhum Prezident Rəisinin, həm də mənim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyırdı. Hər iki Prezident açıq bəyan etmişdi ki, bu bölgənin gələcək inkişafında bölgədə yerləşən ölkələr fəal iştirak etməlidirlər. Faciənin baş verməsi, əlbəttə ki, böyük dərddir, həm onun yaxınlarına, həm onu tanıyanlara. Amma təsəlli verən odur ki, o, öz həyatını İran xalqının inkişafına həsr etmişdir”, o qeyd edib.
Dövlət başçısı bildirib ki, faciədən əvvəl İran prezidenti ilə iki saatdan çox birlikdə olublar.
“Bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edilmişdir. İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda”, Əliyev qeyd edib.
Çərşənbə axşamı Azərbaycan Milli Məclsinin plenar iclasında İranda helikopter qəzasında həlak olan Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin sədri Sahibə Qafarova ağır itki ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, "dost və qardaş İran xalqına səbir və dözüm diləyib".
Parlament sədri öz adından və Milli Məclisin deputatları adından İrana başsağlığı verib.
İranın Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin olduğu helikopter mayın 19-da Azərbaycanla sərhəddə, Araz çayı üzərində tikilmiş “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının açılış mərasimindən geri dönərkən qəzaya uğrayıb. Nəticədə helikopterdə olan İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşimi və digər şəxslər həlak olub.