Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır.
Bu barədə mayın 8-də Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Prezident Əliyev bildirib ki, ötən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib.
“Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi”, o qeyd edib.
Bolqarıstan Prezidenti Rumen Radev isə deyib ki, Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib.
“Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. 2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiya şəhərində biz Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə etməyə başladıq və beləliklə, Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi”, Radev əlavə edib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, Bolqarıstan o Avropa ölkələrindəndir ki, daxili qaz bazarı 100 faiz Rusiya qazından asılı idi.
“Rusiya-Ukrayna müharibəsinin fəsadları olaraq 2022-ci ilin aprelin sonundan Bolqarıstan tamamilə Rusiya qazından imtina edən Avropa ölkələri sırasına qatıldı. Bu zaman Bolqarıstanı enerji böhranından xilas edən yeganə qaz mənbəyi Azərbaycan oldu. Bu ilin aprelin ayının yekunlarına görə Bolqarıstanın qaz təminatının 51 faizi Azərbaycan qazı hesabaına qarşılanıb. Bu ilin yekununa görə Azərbaycan qazının Bolqarıstan bazarında payı 70 faizə qədər yüksələ bilər”, o qeyd edib.
Şabanın sözlərinə görə, Bolqarıstan qaz bazarının yerdə qalan həcmlərini hazırda Yunanıstan-Bolqarıstan birləşdirci kəməri ilə Yunanıstan limanlarına tankerlərlə daşınan maye qazı qəbul etməklə formalaşdırır.
“Bundan əlavə 2023-cü ilin sonunda Bolqarıstan Türkiyə ilə hökumətlərarası saziş imzalayaraq Türkiyənin yeraltı qaz anbarlarında yaz-yay mövsümündə qazın saxlanılması və onun payız-qış mövsümündə idxalına dair razılıq əldə edib. Türkiyə artıq ildə yeraltı qaz anbarlarında 6 milyard kubmetrə qədər qaz saxlamaq imkanı əldə edib. Türkiyədə yeraltı qaz anbarlarının yaradılmasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) quyuların qazılması əməliyyatının baş podaratçısı olub. SOCAR son iki ildə Türkiyədə yeraltı qaz anbarına qaz vurulması üçün yüzə yaxın quyular qazıb. Bolqarıstan Türkiyə yeraltı qaz anbarlarından qazı 1986-cı ildən Rusiya-Ukrayna müharibəsinə qədər isitismarda olan Transbalkan qaz kəmərinin əks istiqamətdə istifadə etrməklə qəbul etməyə başlayıb”, o qeyd edib.
Təhlilçi Azərbaycan və Türkiyənin Avropanın bır sıra ölkələrinin enerji təhülkəsizliyində rolunun böyük olduğunu deyib.
“Qeyd edək ki, bu ilin fevralından Azərbaycan qazı Serbiyaya axmağa başlayıb. Bundan öncə Azərbaycan qazının istehlakçısı Macarıstan olub. Hazırda Azərbaycan qazı Yunanıstana, İtaliyaya, Bolqarıstana, Rumıniyaya, Macarıstana və Serbiayaya ixrac olunur. 2026-cı ildən Albaniya hökuməti TAP-ın genişləndirilməsi layihəsi çərçivəsində Azərbaycandan qaz alan ölkəyə çevriləcək. Bundan öncə isə Slovakiyanın Azərbaycan qazını idxal edəcəyi gözlənilir", o qeyd edib.
Ötən il Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa bazarında 11,8 milyard kub metr qaz satıb. 2024-cü ildə bu həcmin 12 milyard kubmetr olacağı gözlənilir. 2027-ci ildə isə Cənub Qaz Dəhlizi iki etap genişlənidirildikdən sonra həcmlərin 20 milyard kubmetrədək artacağı proqnozlaşdırılır.