Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov aclığı dayandırıb.
Bu barədə AXCP məlumat yayıb.
Elnur Həsənov həbsinə etiraz olaraq 1 saylı Bakı İstintaq Təcridxanasında 7 sutka quru aclıq edib.
“AXCP Nərimanov Rayon Şöbəsinin üzvü Elnur Həsənov bir həftə davam edən quru aclığı aprelin 25-də axşam saatlarında dayandırıb. Elnur bəy, aprelin 25-də Kürdəxanıdan (1 saylı Bakı İstintaq Təcridxanası-red) mənə zəng etmişdi. Səsi çox pis gəlirdi. Tələblərinin qəbul edildiyini və ondan aclığı dayandırmalarını istədiklərini bildirdi. Mən də həm öz adımdan, həm də partiya sədri Əli bəyin adından aclığı dayandırmasını istədim. Bir xeyli israr etdikdən sonra, nəhayət ki, dayandırmağa razılıq verdi”, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim bildirib.
Elnur Həsənov aprelin 18-də məhkəmədə çıxış etmək üçün hazırladığı qeydlərin götürülməsinə və həbsinə etiraz olaraq aclıq elan etdiyini bildirib.
Həsənov 28 noyabr 2023-cü ildə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ilə həbs edilib. Fəal hesab edir ki, həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bir qayda olaraq bildirir ki, saxlanılan insanlar özünü müdafiə xatirinə günahsız olduqlarını, əqidələrinə görə həbs edildiklərini deyirlər.