Azərbaycan Avropa Şurası məkanında jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasındadır

Media azadlığına dair yeni hesabatda Azərbaycan Avropa Şurası məkanında media azadlığının vəziyyətinin ən pis olduğu ölkələr sırasında göstərilir. Azərbaycan həmçinin jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasındadır.

Avropa Şurası Jurnalistlərin Təhlükəsizliyi Platformasının tərəfdaş təşkilatlarının martın 5-də yaydıqları Avropada media azadlığının vəziyyətinə dair illik hesabatda qeyd edilir ki, ötən il jurnalistlərə qarşı fiziki zorakılıq hallarında azalma olsa da, təhdid, təzyiq və məhdudiyyətlərin artan müxtəlifliyi müşahidə edilib.

2023-cü ildə Avropada 3 jurnalist və media işçisi öldürülüb, il ərzində jurnalistlərə qarşı 41 ağır fiziki zorakılıq halı qeydə alınıb.

Media azadlığı təşkilatları təhdid və hədə-qorxu, həbslər, cəzasızlıq mühiti, casus proqramları vasitəsilə izlənilmə, məhdudlaşdırıcı qanunvericilik, əsassız məhkəmə iddiaları, media qurumlarının ələ keçirilməsi kimi halların media azadlığına qarşı təhdid formalaşdırmaqda davam etdiyini vurğulayır.

Jurnalistlərin Təhlükəsizliyi Platforması ötən il ərzində media azadlığına təhdidlər və hücumlarla bağlı ümumilikdə 285 hal qeydə alıb. Platformanın apardığı qeydiyyata əsasən, hazırda Avropa Şurasına üzv ölkələrdə 53 jurnalist və media işçisi həbsdədir. Bu siyahıya Rusiya və Belarusu da əlavə etdikdə Avropada həbs edilən jurnalist sayı 119-a çatır.

Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında Türkiyədən sonra ən çox jurnalistin həbs edildiyi ölkədir. Xüsusən, ötən il Azərbaycanda həbs edilən jurnalistlərin sayı iki dəfədən çox artıb.

Rahim Hacıyev

Azadlıq qəzetinin Fransada yaşayan redaktoru Rahim Hacıyev deyir ki, 2023-cü ili “Azərbaycan mətbuatının qara ili” kimi xarakterizə etmək olar. Hacıyev bildirir ki, Azərbaycanın mətbuat tarixində 2023-cü ildəki kimi intensivlik və kütləviliklə repressiya olmayıb.

“Xüsusən, ilin sonunda Abzas Medianın faktiki bütün kollektivinin həbsxanaya atılması mətbuat tarixinin ən dəhşətli hadisələrindən biridir. Digər mətbuat orqanlarında işləyən jurnalistlərin də həbsi Azərbaycan hakimiyyətinin azad mətbuatı tamamilə sıradan çıxarmaq niyyətinin göstəricisidir. Çox təəssüflər olsun ki, Azərbaycandakı kleptokratik rejim, ailə hakimiyyəti beynəlxalq qanunlarla, konvensiyalarla, ölkə Konstitusiyası ilə hesablaşmayan bir sistem formalaşdırıb və azad mətbuatı sıradan çıxarmaqda israrlıdırlar”, Rahim Hacıyev vurğulayıb.

2016-cı ildə Azadlıq qəzetinin çap versiyasının fəaliyyətini dayandırmasından sonra Fransaya köçməli olan Rahim Hacıyev Azərbaycanda jurnalistlər üçün real təhlükənin davam etdiyini, hakimiyyətin nəzarətində olan mətbuat orqanları vasitəsilə yenə də jurnalistlərə hədə-qorxu kampaniyasının davam etdirildiyini qeyd edir.

“Göstərmək istəyir ki, həbslər davam edəcək. Eyni zamanda məqsəd odur ki, onlar jurnalist kimi borclarını yerinə yetirməyə daha çox səy göstərməsinlər”, Hacıyev əlavə edib.

Azərbaycanda 2023-cü ilin noyabr-dekabr aylarında korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və jurnalist Nərgiz Absalamova “qaçaqmalçılıq yolu ilə ölkəyə xarici valyuta gətirməkdə” ittiham edilərək həbs edilib.

Dekabr ayında “Abzas Media” ilə əməkdaşlıq edən “Turan” agentliyinin araşdırmaçı jurnalisti Hafiz Babalı da bu iş üzrə həbs edilib. Bu ilin yanvar ayında “Abzas Media”nın daha bir əməkdaşı - Elnarə Qasımova həbs edilib.

İttihamları rədd edən “Abzas Media” jurnalistləri peşə fəaliyyətləri, xüsusən də yüksək rütbəli məmurların korrupsiyasına dair dərc etdikləri araşdırmalara görə cəzalandırıldıqlarını bildirirlər.

“Abzas Media” jurnalistləri ilə yanaşı ötən ilin son aylarında “Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov, “Kanal 13”-ün əməkdaşı Şamo Eminov, habelə “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və “azerinfo.az” xəbər saytının rəhbəri İbrahim Hümbətov və “dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimov Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə ittiham edilərək həbs ediliblər.

Hesabatda Azərbaycanla bağlı həmçinin ötən ilin iyun ayında Gədəbəyin Söyüdlü kəndində baş verən etirazları işıqlandırmağa çalışan ən azı altı jurnalistin saxlanıldığını, döyüldüyünü, təhdid edildiyini və ya hər hansı formada işlərinə maneə törədildiyi vurğulanır.

Bundan əlavə, hesabat Azərbaycan hakimiyyət orqanlarının jurnalistləri “işlərinə görə cəzalandırmaq” məqsədi ilə “şübhəli” ittihamlarla inzibati həbslərə məhkum etməsindən bəhs edir. Bu xüsusda, ötən il jurnalistlər Vüqar Məmmədov və Nurlan Qəhrəmanlının qeyri-müəyyən “qadağan olunmuş məlumatları yaymaq” ittihamı ilə 30 sutka, Vəli Şükürzadənin isə şübhəli “xuliqanlıq” və “polisə müqavimət” ittihamları ilə eyni cəzaya məhkum edildiyi vurğulanır.

Rahim Hacıyev beynəlxalq ictimaiyyətin Azərbaycanda mətbuata qarşı təzyiq və təqiblərə yetərincə diqqət yetirmədiyi qənaətindədir.

“Çox təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti beynəlxalq aləmin ona lazımi səviyyədə təzyiq göstərməməsindən sui-istifadə edərək belə bir vəziyyət yaradıb. Çünki ötən dövrlərdə beynəlxalq ictimaiyyətin müəyyən hallarda təzyiqləri Azərbaycan hakimiyyətini geri çəkilməyə məcbur edirdi və azad mətbuatı tam boğmaq istiqamətində hücumların qarşısını alırdı. Ancaq son dövrlərdə Azərbaycan hakimiyyətinin sanki əli-qolu açılıb və bu belə davam etsə, bu, bizi yaxın zamanlarda azad mətbuatsız qoyacaq”, Hacıyev vurğulayıb.

Azərbaycan hakimiyyəti hesabatda qeyd edilənlərlə bağlı münasibət bildirməyib. Azərbaycan rəsmiləri bir qayda olaraq beynəlxalq təşkilatların tənqidi hesabatlarını qərəzli hesab edir. Rəsmi Bakı ölkədə bütün hüquq və azadlıqların, o cümlədən söz və mətbuat azadlığının qorunduğunu bəyan edir.