Rusiyanın baş naziri Azərbaycana səfərə gəlir

Mixail Mişustin və Əli Əsədov.

Rusiyanın baş naziri Mixail Mişustin martın 5-də Azərbaycana işgüzar səfərə gəlir.

Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, ikigünlük səfər çərçivəsində Rusiya Baş naziri Prezident İlham Əliyevlə və baş nazir Əli Əsədovla görüşlər keçirəcək.

Məlumatda deyilir ki, danışıqlar zamanı Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı məsələlər diqqət mərkəzində olacaq.

"Energetika, nəqliyyat, sənaye, mədəniyyət-humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək. Görüşlərin və danışıqların yekunlarına görə bir neçə hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir," məlumatda qeyd edilir.

TASS agentliyinin məlumatına görə, Azərbaycanda Rusiya iştirakı olan 1,4 mindən çox müəssisə fəaliyyət göstərir, onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. 2023-cü ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 295 milyon dollar təşkil edib.

Bu il yanvarın 22-də Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsini imzalanıb.

Azərbaycan Nazirlər Kabinetinin məlumatına görə, Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.

“2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq ötən il 4,3 milyard ABŞ dollarından çox təşkil edib. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub,” Azərbaycan Nazirlər Kabinetinin məlumatında qeyd edilir.