Sosial şəbəkələrdə son bir neçə gündə çoxsaylı inanclı insanların saxlanıldığı barədə məlumatlar yayılıb. Yayılan məlumatlara görə, dindarların saxlanılması fevralın 19-dan başlayıb və davam edir.
Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə bildirib ki, son günlər Bakıda, Gəncədə, Biləsuvarda, Neftçalada, Astarada və Masallıda ondan çox dinar saxlanılıb. Onlardan indiyədək 8-nin adını dəqiqləşdirə biliblər.
“Bunlar Bəxtiyar Məmmədov (Astara rayonu, Suparibağ kəndi), Eyvaz Baxşıyev (Astara rayonu, Ərçivan qəsəbəsi), Rahil Ağayev (Biləsuvar rayonu), Hüseyn Rzayev (Neftçala rayonu), Nəsrəddin Nəsirov (Göyçay), Ceyhun Hacıyev (Müsəlman Birliyi Hərəkatının üzvü), Cavanşir Cəfərli, Hacı Elxandır. Tutulanların hamısına narkotik ittihamı verilib”, o qeyd edib.
Öz növbəsində Daxili İşlər Nazirliyi Amerikanın Səsinin bu məlumatlarla bağlı sorğusuna hələ cavab verməyib.
Yerli medianın məlumatlarına görə, ötən il ölkədə dindarların çoxsaylı həbsləri həyata keçirilib. Həbs edilənlərə qarşı əsasən narkotik ittihamı irəli sürülüb. Amma, müşahidəçilər bu həbslərin Azərbaycanın İranla münasibətləri fonunda baş verdiyi fikrindədir.
Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın hazırladığı yenilənmiş siyahısıya görə hazırda həbsdə olan 254 nəfər siyasi məhbusdan 183 nəfəri dindarlardır.
Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə deyib ki, son aylarda siyasi təqiblər çoxalıb.
“Son aylarda hökumətin tənqidçilərinin və dindarların həbsinin sayı artıb. Mətbuata əvvəlcədən açıqlama verirlər ki, narkotiklə həbs olunublar, amma İran casuslarıdır", hüquq müdafiəçisi qeyd edib.