Azərbaycanlı siyasi məhbus Saleh Molla Abbasi Əhər həbsxanasından azad edilib.
Bölgədəki hüquq müdafiəçilərinin verdiyi məlumata görə, Əhər həbsxanasında məhbus olan güneyli fəal Saleh Molla Abbasi üç aylıq cəza müddəti başa çatdıqdan sonra fevralın 19-da həbsdən azad edilib.
Təhlükəsizlik qüvvələri milli fəalın Əhər şəhərində olan evinə keçən il noyabrın 4-də səhər saat 8 radələrində divarı aşaraq basqın edib, onu saxladıqdan sonra həmin şəhərin həbsxanasına köçürmüşdülər. Təhlükəsizlik qüvvələrinin bu əməliyyatı ailə üzvləri arasında qorxu və panikaya səbəb olmuşdu.
Saleh Molla Abbasi daha əvvəl Əhər şəhər cinayət məhkəməsi tərəfindən 91 sutka həbs cəzasına məhkum edilib. Bu qərarı daha sonra Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.
Siyasi fəal ölkə məktəblərində qız şagirdlərin kütləvi zəhərlənməsi ilə bağlı sosial media hesablarında yazılar dərc etdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən 2022-ci ilin oktyabr ayının 9-da gecə radələrində zorakılıqla həbs edilmişdi.
Saleh Molla Abbasi təqribən bir ay müddətinə nəzarət altında saxlandıqdan sonra 200 milyon tümənlik girov müqabilində Əhər həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb. Daha sonra məhkəmədə "yalan xəbər yaymaq vasitəsilə ictimai rəydə təşviş yaratmaq" ittihamı ilə mühakimə olunub və təqsirli bilinib.
İranda əxlaq polisinin nəzarətində olan Məhsa Əmininin ölümündən sonra baş qaldıran ümummilli etirazlardan sonra uzun müddət müxtəlif şəhərlərdə, o cümlədən İran Azərbaycanında qız məktəblərində şagirdlər arasında kütləvi zəhərlənmə halları baş verib.
Bu zəhərlənmələr zamanı, bir çox mədəni və siyasi fəal İslam Respublikasının bu məsələnin qarşısının alınması ilə ciddi şəkildə məşğul olmamasını və bu hadisələrin səbəbkarlarının müəyyən edilməməsini tənqid etdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs edildilər.