Bir neçə gün əvvəl Şərqi Azərbaycan vilayətində yerləşən Əhər şəhərinin məhkəməsinə çağırılan azərbaycanlı milli fəal Saleh Molla Abbasi həbs edilərək eyni gün zaminə buraxılıb.
Güneyli fəal Molla Abbasinin şəxsi Instagram səhifəsində dərc etdiyi məlumata görə, o, ölkədə məktəbli qızların kütləvi zəhərlənməsi ilə bağlı yazdığı mətləbi sosial şəbəkədə dərc etdiyi üçün "yalan yaymaq"da ittiham olunub.
Bu güneyli fəalın sözlərinə görə, mayın 21-də polis əməkdaşları onun evinə gələrək onu həbs edib məhkəməyə veriblər. Molla Abbasi Əhər məhkəməsinin prokurorluğunun 3-cü şöbəsinə aparılıb.
Məhkəmədə milli fəala qarşı irəli sürülən ittihamlar oxunduqdan sonra, o, müdafiəsini təqdim edib və sonra 120 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
Əhər sakini olan Molla Abbasi ona qarşı irəli sürülən ittiham haqqında yazıb ki, "Yazmaq, bilmək, görmək, danışmaq cinayət hesab edilir, ədliyyə sisteminin bildirdiyinə görə, kütləvi zəhərlənmələr ölkə düşmənlərinin işidir, ama biz onların əleyhinə yazdığımızda da [məhkəmə rəsmiləri] əsəbləşirlər."
İranda bir çox siyasi və ictimai fəal ölkədə tələbə qızların kütləvi zəhərlənməsi ilə bağlı yazı və qeydlər dərc etdiklərinə görə, təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və onlara təzyiq edilib. Ölkədə məktəbli qızların zəhərlənməsi bir neçə ay davam etsə də, hələ ki, İslam Respublikasının hakimiyyət orqanları tərəfindən bu hadisələrin səbəbkarları ilə bağlı dəqiq və şəffaf izahat verilməyib.
Saleh Molla Abbasi, daha öncə də dinc fəaliyyətlərindən dolayı dəfələrlə həbs edilib və işgəncələrə məruz qalıb. Keçən il oktyabrın 9-da Şərqi Azərbaycan vilayətində yerləşən Əhər şəhərində təhlükəsizlik qüvvələri Saleh Molla Abbasinin bacısının evinə silahla daxil olub, onu ağır şəkildə döyərək həbs etmişdi.