Accessibility links

Təhlükəsizlik qüvvələri güneyli fəalın evində reyd keçirib, ailə üzvlərini döyüblər 


Saleh Molla Abbasi
Saleh Molla Abbasi

Təhlükəsizlik qüvvələri İran Azərbaycanının Əhər şəhərinin sakini olan milli fəal Saleh Molla Abbasinin evində reyd keçirərək, axtarış aparıb, ailə üzvlərini döyüb və hədələyiblər.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, sentyabrın 26-da təhlükəsizlik qüvvələri milli fəal Saleh Molla Abbasini həbs etmək məqsədi ilə onun evində reyd keçirib. Onun həyat yoldaşı və iki qızı kəşfiyyat məmurları tərəfindən döyülərək hədələnib. Milli fəal evdə olmadığı üçün təhlükəsizlik qüvvələri onu həbs edə bilməyib.

Saleh Molla Abbasinin ailə üzvləri təhlükəsizlik qüvvələrinin milli fəalın evinə hücum edərək, məhkəmə orderi göstərmədən axtarış aparmasına etiraz edib. Təhlükəsizlik qüvvələri milli fəalın həyat yoldaşı Hümeyra Türabiyə qarşı zorakılıq tətbiq edərək, onu döyüb və bağırmasına mane olmaq üçün ağzını tutublar.

Evdə axtarış aparan məmurlar kompüter, noutbuk, 3 cib telefonu və bir tablet və bir neçə türkcə kitabı müsadirə ediblər.

Milli fəalın qızı Günəş Molla Abbasi cib telefonunu təhlükəsizlik qüvvələrinə təqdim etməkdən imtina etdiyi üçün döyülüb.

Təhlükəsizlik qüvvələrinin qeyri-etik və zorakı rəftarına müqavimət göstərən Hümeyra Türabini həbs etmək istəyən məmurlar onu hicab örtməyə məcbur etməyə çalışıblar, lakin o müqavimət göstərib. Hümeyra Türabi məmurlara "çadra örtməyəcəm" deyib. Bundan sonra onlar Hümeyra Türabini həbs etməkdən vaz keçərək evi tərk ediblər.

Saleh Molla Abbasi Şərqi Azərbaycan vilayətində yerləşən Əhər şəhərinin sakinidir və dəfələrlə dinc fəaliyyətlərindən dolayı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib.

XS
SM
MD
LG