Accessibility links

Əhərdə siyasi fəal Saleh Molla Abbasi 'yalan məlumat yaymaq' ittihamı ilə mühakimə edilir


Saleh Molla Abbasi
Saleh Molla Abbasi

Bazar ertəsi günü İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində siyasi fəal Saleh Molla Abbasinin məhkəmə iclası keçirilib.

Araz News saytı və Güney Azərbaycan Televiziyasının (Günaz TV) yaydığı məlumata görə, siyasi fəal vəkili Əsgər Məhəmmədi ilə birlikdə "ictimai rəydə təşviş yaratmaq məqsədilə yalan məlumat yaymaq" ittihamına qarşı özünü müdafiə edib.

Molla Abbasi özü bu barədə sosial mediada məlumat paylaşıb. O, Əhər məhkəməsinin 101-ci şöbəsində mühakimə olunduğunu yazıb.

Siyasi fəalın keçən aylarda İran Azərbaycanı daxil olmaqla ölkənin müxtəlif vilayətlərinin məktəblərində baş verən kütləvi zəhərlənmə halları ilə əlaqədar sosial şəbəkələrdə məlumat paylaşdığı üçün "yalan məlumat yaymaq" ittihamı ilə üzləşdiyi bildirilir.

Saleh Molla Ababsi keçmişdə də siyasi və mədəni fəaliyyətləri üzündən dəfələrlə həbs və mühakiməyə məruz qalıb. O, hazırda mülki zəmanət qarşılığında müvəqqəti azadlıqdadır.

XS
SM
MD
LG