Accessibility links

Mədəni fəal Saleh Molla Abbasi Əhərdə həbs edilib


Saleh Molla Abbasi
Saleh Molla Abbasi

Təhlükəsizlik qüvvələri noyabrın 4-də səhər saat 8 radələrində Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində milli mədəni fəal Saleh Molla Abbasini həbs edib.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydıqları xəbərə görə, təhlükəsizlik agentləri milli fəalın evinin divarına dırmaşaraq evə basqın edib və onu həbs ediblər. Təhlükəsizlik qüvvələrinin evə hücumu ailə üzləri arasında qorxu və panikaya səbəb olub.

Bölgədəki hüquq müdafiəçiləri milli fəalın yaxınlarına istinadən Saleh Molla Abbasinin Əhər həbsxanasına köçürüldüyünü bildiriblər.

Saleh Molla Abbasi daha öncə Əhər şəhərinin cəza məhkəməsi tərəfindən 91 günlük həbs cəzasına məhkum edilmişdi. Həmin hökm Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 2 saylı şöbəsi tərəfindən qüvvədə saxlanılıb.

Təhlükəsizlik qüvvələri milli fəalı həbs edərək, hökmün icrası üçün onu Əhər həbsxanasına köçürüblər.

Saleh Molla Abbasi məhkəmə tərəfindən "yalan xəbər yaymaq vasitəsilə ictimai rəydə təşviş yaratmaq" ittihamı əsasında mühakimə edilərək günahkar tanınmışdı. Siyasi fəalın məhkumiyyətinin İranda məktəblərdə, o cümlədən İran Azərbaycanının vilayətlərindəki məktəblərdə şagirdlərin kütləvi şəkildə zəhərlənməsi ilə bağlı məlumat paylaşması ilə bağlı olduğu ehtimal olunur.

Keçən il oktyabrın 9-da siyasi fəal həbs olunarkən təhlükəsizlik qüvvələri tərəfindən şiddətli şəkildə döyülmüşdü. Molla Abbasi təqribən bir ay həbsdə saxlandıqdan sonra noyabr ayında 200 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Saleh Molla Abasi bundan öncə də apardığı dinc fəaliyyətlərdən dolayı dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, müxtəlif təzyiqlərə məruz qalıb.

Forum

XS
SM
MD
LG