Yanvarın 18-də Bakının Xətai Rayon Məhkəməsində “Abzas Media” saytının jurnalisti Nərgiz Absalamovanın ailə üzvlərinə, görüşlərinə, telefon əlaqələrinə məhdudiyyət qoyulması ilə bağlı şikayətə baxılıb.
Vəkil Şəhla Hümbətovanın Amerikanın Səsinə verdiyi məlumata görə, bugünkü məhkəmə prosesinə jurnalist Nərgiz Absalamova gətirilməyib.
“Özü iştirak etmirdi. Bununla bağlı orada xeyli müzakirə oldu. Vəsatət verdim. Tələb etdim ki, iclas təxirə salınsın və Nərgiz Absalamovanın iştirakı təmin edilsin. Amma məhkəmə bunu təmin etmədi”, vəkil qeyd edib.
Your browser doesn’t support HTML5
Onun sözlərinə görə, məhkəmə həmçinin müstəntiqin jurnalisti Nərgiz Absalamovanın ailə üzvlərinə, görüşlərinə, telefon əlaqələrinə məhdudiyyət qoyulması ilə bağlı şikayəti də təmin etməyib.
“Baxmayaraq ki, hər şey aşkardır. Şikayətimdə də əsaslandırmışdım ki, Nərgiz Absalamovanın ailə üzvləri ilə görrüşməsinə və telefonla əlaqə saxlamasına məhdudiyyət qoyulmasının heç bir əsası yoxdur. Bu məhdudiyyət də deyil, tam qadağadır. Hətta əsas olsaydı belə bunu başqa cür etmək olardı. Məsələn ailə üzvləri ilə görüş üçün təcridxanada nəzarətçilərin müşaiəti altında xüsusi şərait yaratmaq olardı. Yəni bunun müxtəlif yolları var. Bunun əvəzinə istintaq orqanı qısa yolla gedib və tamamilə qadağa qoyub”, vəkil qeyd edib.
Bundan əlavə Şəhla Hümbətova istintaqın jurnalistin ailə üzvlərinə, görüşlərinə, telefon əlaqələrinə məhdudiyyət qoyulmasının səbəblərinə də toxunub.
“Qərarın əsasdlandırma hissəsi budur ki, bu cinayəti törətmiş başqa şəxslərin ifşa edilməsinə maneçilik yarana bilər. Başqa cinayətlərin qarşısını almaq məqsədi ilə belə bir məhdudiyyət qoyulması zəruridir”,vəkil əlavə edib.
Bununla bağlı istintaq tərəfindən hər hansı şərh almaq mümkün olmayıb.
Xatırlatma
Nərgiz Absalamova noyabrın 30-u Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və daha sonra saxlanılıb. Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. “Abzas Media”nın həbs edilən digər jurnalistləri kimi Absalamovaya qarşı da “qaçaqmalçılıq” ittihamı irəli sürülüb.
Korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” saytının jurnalistləri onlara qarşı irəli sürülən ittihamları qəbul etmir və həbslərinin peşə fəaliyyətləri, xüsusən də yüksək səviyyəli məmurların korrupsiyasına dair araşdırmaları ilə əlaqəli olduğunu qeyd edir.
“Jurnalistlər ictimai maraqlara xidmət edən reportajlarına görə cəzalandırılmamalı və ya diplomatik çəkişmələrə alət edilməməlidir. Azərbaycan hakimiyyəti Nərgiz Absalamovanı, onun “Abzas Media”dan olan həmkarlarını və bütün digər haqsız yerə həbs edilən jurnalistləri dərhal azad etməlidir”, Jurnslistləri Müdafiə Komitəsinin (CPJ) yaydığı bəyanatda deyilir.
Daha əvvəl “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və saytla əməkdaşlıq edən Məhəmməd Kekalov “qaçaqmalçılıq” ittihamı ilə tutulub, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi onlar barəsində müvafiq olaraq 4 ay, 3 ay 29 gün və 3 ay 27 gün həbs-qətimkan tədbiri seçib.
Noyabrın 28-də daha bir jurnalist - “Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov barəsində 3 aylıq həbs-qətimkan tədbiri çıxarılıb. Cinayət Məcəlləsinin 188.2 maddəsi (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma _ icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edib və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini qeyd edib.
Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.