Azərbaycanda azyaşlı uşaq qızılcadan vəfat edib

Qızılca

Yanvarın 6-da Şəki rayonunda azyaşlı uşaq xəstəxanada qızılcadan vəfat edib.

Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatına görə, Şəki rayonunun Sarıca kənd sakinləri olan iki azyaşlı qardaş qızılca xəstəliyi diaqnozu ilə xəstəxanaya daxil olub.

“Pnevmoniya ilə ağırlaşmış qızılca diaqnozu qoyulan azyaşlı gecə saatlarında intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub, bütün reanimasyon və intensiv terapiya tədbirlərinə baxmayaraq yanvarın 6-da ağciyər-ürək çatışmamazlığından dünyasını dəyişib”, məlumatda qeyd edilir.

TƏBİB bildirir ki, azyaşlının digər qardaşına isə təcili yardım bölməsində ixtisaslı həkim müayinələri, laborator analizləri və tibbi yardımlar göstərilib, xəstə orta ağır stabil vəziyyətdə təcili yardım briqadası ilə Bakıdakı tibb müəssisəsinə təxliyə olunub.

TƏBİB qeyd edir ki, Şəkinin Sarıca kəndinin tibb məntəqə rəhbəri azyaşlının ailə üzvləri ilə uşaqlarının peyvəndə cəlb olunması zərurəti ilə əlaqədar dəfələrlə profilaktik söhbətlər aparıb, ancaq valideynlər peyvənddən imtina ediblər və bu barədə izahatları alınaraq sənədləşdirilib.

Azərbaycan səhiyyə sistemi ölkədə qızılca xəstəliyinə tutulanlar və bu xəstəlikdən ölən şəxslərin statistikasını açıqlamır. Azərbaycan Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bununla bağlı Amerikanın Səsinin 2023-cü il dekabrın 21-də ünvanladığı sorğusuna hələ cavab verməyib.

Xatırladaq ki, son aylarda ölkədə qızılca xəstəliyinə yoluxma halları artıb. Müstəqil müşahidəçilər yoluxanların sayının yüzlərlə olduğu qənaətindədir. Yerli mətbuatın məlumatına görə, bundan öncə qızılcaya yoluxmadan azı 7 nəfər ölüb.

Report agentliyinin məlumatına görə, yalnız Cəlilabad rayonunda ötən ilin noyabrından bu günə qədər 252 nəfər qızılca virusuna yoluxub. Onlardan 182 nəfəri 18 yaşdan kiçik, 70 nəfəri isə 18 yaşdan böyüklərdir. Hazırda Cəlilabadda 55 aktiv xəstə müalicə olunur. Xəstələrdən 51 nəfəri ambulator şəraitdə, 4 nəfəri isə stasionar şəraitdə müalicə alır.

Azərbaycan Səhiyyə Nazirliyi mövsümi respirator xəstəliklərə və qızılcaya yoluxmaqdan qorunmaq üçün əhalini ictimai tədbirlərdə iştirak zamanı tibbi maskadan istifadə etməyə, həmçinin qızılca əleyhinə peyvənd olunmağa çağırıb.