Azərbaycanda qızılca xəstəliyinə yoluxanlarla bağlı rəsmi statistika açıqlanmasa da müşahidəçilər ölkə üzrə azı bir neçə yüz nəfərin bu xəstəliyə yoluxduğunu hesab edir. Yerli medianın məlumatına görə, qızılca xəstəliyindən azı beş nəfər ölüb. Sonucu ölüm halları dekabr ayında Lənkəran və Şirvan rayonlarında qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov dekabrın 20-də jurnalistlərə bildirib ki, qızılcanın müalicəsi ilə bağlı dərman təminatı ən üst səviyyədədir.
“Ölkədə qızılca ilə bağlı vəziyyət stabildir. Vətəndaşların tibb müəssisələrinə müraciətləri qeydə alınır. Valideynlər övladlarında qızılcanın hansısa simptomunu aşkar edərsə, birbaşa tibb müəssisələrinə müraciət etsinlər. Tibb müəssisələrimiz, həkimlərimiz, səhiyyə işçilərimiz buna hazırdır. Ehtiyac olarsa, stasionar müalicəyə cəlb olunacaqlar, bunun üçün şərait var. Dərman təminatı ən üst səviyyədədir. Çarpayı fondumuz kifayət qədərdir".
O qeyd edib ki, sahə həkimləri öz ərazilərində həm xəstələrin, həm də onların ailə vəziyyətini dəyərləndirir.
“Hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, xəstəxanaya yerləşdirilir, hansı xəstənin evdə müşahidəyə ehtiyacı varsa, evdə müşahidə altında saxlanılır", Qurbanov qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatınınn (ÜST) məlumatına görə, Avropa regionunda qızılcaya yoluxma hallarının sayının həyəcanverici artımı müşahidə olunur.
“Yanvar-oktyabr aylarında regionda 53 üzv dövlətdən 40–ı 30 mindən çox yoluxma halı barədə məlumat təqdim edilib, bu isə bütöv 2022-ci il (941 hal) ilə müqayisədə 30 dəfə çoxdur. ÜST xəbərdarlıq edir ki, təcili tədbirlər görülməzsə, bu tendensiya davam edəcək”, məlumatda qeyd edilir.
“Biz regionumuzda qızılcaya yoluxma hallarının sayının otuzqat artımını müşahidə edirik, təxminən 21 min nəfər xəstəxanaya yerləşdirilib, beş nəfər ölüb. Bu, narahatçılıq doğurur”, ÜST-nin Avropa üzrə Regional direktoru Hans Klyuge bildirib.
Forum