Accessibility links

Azərbaycan Səhiyyə Nazirliyi insanları qızılcaya qarşı peyvənd olunmağa çağırır


Azərbaycanda qızılca xəstəliyinə yoluxanların sayı artmaqdadır. Müşahidəçilər xəstələrin sayının ölkənin əksər regionlarında sütrətlə artdığını bildirir.

Yerli medianın dekabrın 6-da yaydığı məlumata görə, son gündə uşaq sığınacağında 40 nəfər, Xaçmaz rayonunda 20 nəfər qızılcaya yoluxub.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 19 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

"Onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb. 11 uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir. Vəziyyətləri stabildir", TƏBİB-in Mətbuat Xidməti qeyd edib.

Bununla yanaşı rəsmi qurumlar qızılcaya yoluxanların sayı ilə bağlı son statistik məlumatı hələ yaymayıb.

Səhiyyə Nazirliynin noyabrın 29-da yaydığı məlumata görə, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.

“Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub”.

Eyni zamanda Azərbaycan Səhiyyə Nazirliyi bildirib ki, 2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur.

“Bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir”.

Nazirlik valideynlərin nəzərinə çatdırır ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdır.

“Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır. Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90%-ni yoluxdura bilər. İnsanların təxminən 93%-i bir dozadan sonra, 97%-i isə ikinci dozadan sonra immun hesab olunur”, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Briliyi bildirir.

TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib ki, peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır: “Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir və bir çox effektiv müalicəsi olmayan xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür”, o qeyd edib.

Forum

XS
SM
MD
LG