Accessibility links

Azərbaycan Səhiyyə Nazirliyi qızılca ilə bağlı əhaliyə müraciət edib


Səhiyyə Nazirliyi (arxiv-foto Səhiyyə Nazirliyinə məxsusdur)
Səhiyyə Nazirliyi (arxiv-foto Səhiyyə Nazirliyinə məxsusdur)

Azərbaycan Səhiyyə Nazirliyi qızılca ilə bağlı əhaliyə müraciət edib.

Nazirliyin məlumatında 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyası ilə bağlı valideynlərə çağırış edib.

“2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanması müşahidə olunur”, məlumatda bildirilir.

Qeyd olunub ki, bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. "Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir”məlumatda deyilir.

Nazirlikk valideynlərin nəzərinə çatdırır ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədil ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.

“Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.

Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.

Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.

Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur", rəsmi məlumatda deyilir.

Azərbaycanın Sabirabad rayonunda (Bakıdan 168 kilometr cənub-qərb) dekabrın 1-də 1 yaşlı uşaq qızılcadan vəfat edib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) məlumatında deyilir ki, 2022-ci il təvəllüdlü azyaşlı noyabrın 30-da Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

"Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Həkimlərin səylərinə baxmayaraq o vəfat edib”, məlumatda qeyd edilir.

TƏBİB vətəndaşlara müraciət edərək vaksinasiyadan keçməyə çağırıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, Bakıdakı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində qızılca səbəbindən distant tədris tətbiq olunub.

Məlumatda deyilir ki, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək.

Qeyd olunub ki, analoji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir. "Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən həyata keçirilir. Valideynlərə bildirmək istərdik ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil", təhsli idarəsi bildirib.

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.

“Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub. Hadisələrin epidemioloji təhlili yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma hallarının olunmasıdır. Bu da, əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Belə ki, yoluxan xəstələrin 95%-i profilaktik peyvənd təqviminə əsasən, peyvəndlərini almayan uşaqlardır,” nazirliyin məlumatında deyilir.

Forum

XS
SM
MD
LG