Xarici universitetlərdə dərs deyən bir qrup azərbaycanlı alim iqtisadçı professor Qubad İbadoğlunun azadlığa buraxılmasına köməklik göstərilməsi üçün prezident İlham Əliyevə müraciət edib.
Qubad İbadoğlunun qardaşı Qalib Toğrulun Amerikanın Səsinə verdiyi məlumata görə, sənəd 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində qəbul edilib.
Müraciətdə deyilir ki, 160 gündür ki, təqsirləndirilən şəxs qismində Bakı İstintaq Təcridxanasında saxlanılan Qubad İbadoğlu ciddi xəstəliklərdən – aortann anevrizmasından, yüksək şəkərli diabetdən, ağır bel-omba ağrılarından əziyyət çəkir.
Bundan əlavə alimlərin müraciətində qeyd olunur ki, həbsxanada keçiridiyi hər gün onun sağlamlığına böyük zərbə vurur, xəstəliklərinin dərinləşməsinə səbəb olur ki, bu da ciddi narahatlıq doğurur.
"Qubad İbadoğlu Azərbaycana qısa müddətə qayıtmışdı, o, 2023-2024-cü tədris ilində Drezden Texniki Universitetinin dəvəti ilə qeyd olunan universitetdə işə başlamalı idi, təəssüf ki, həbsi səbəbindən bu baş tutmadı" - müraciətdə deyilir.
Müraciətdə bildirilir ki, Qubad İbadoğlunun adı Avropanın və ABŞ-ın elmi dairələrinə yaxşı tanışdır.
Sənədə İbadoğlunun Avropa və ABŞ universitetlərində elmi fəaliyyəti və beynəlxalq təşkilatlarda araşdırmaçı kimi gördüyü işlər xatırladılır.
"Qubad İbadoğlunun günahsız olduğuna əminliklə biz - bu müraciətə imza atmış dünyanın müxtəlif ölkələrinin universitetlərində çalışan azərbaycanlı alim və tədqiqatçılar - yüksək humanizminizə və səmimiyyətinizə güvənərək Sizdən dünyada tanınmış azərbaycanlı alimin ölkəmizin mənafeyi naminə həyata keçirdiyi çoxsaylı fəaliyyətləri və səhhətindəki ciddi problemləri nəzərə alaraq həbsdən azad olunmasına köməklik göstərmənizi, onun yenidən çox sevdiyi pedaqoji fəaliyyətə - auditoriyalara dönməsinə şərait yaratmağınızı xahiş edirik", müraciətdə qeyd edilir.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.