Təbrizdə bir şirkət hicaba riayət olunmadığı üçün möhürlənib

Təbrizdə iş yeri möhürlənib

Təbrizdə memarlıq materialları şirkəti təşkil etdiyi sərgiyə gələn qadınların baş örtüyü taxmaması səbəbindən möhürlənib.

Şərqi Azərbaycan polis idarəsinin mədəniyyət və sosial məsələlər üzrə müavini Haşim Şəəfi İran mediasına verdiyi açıqlamada bildirib ki, “sərgi iştirakçılarının çoxu qadınlar olub və İslami geyimə riayət olunmayıb.”

Polis qüvvələrinin rəsmisi həmçinin deyib ki, şirkət öz biznes səhifəsində “qeyri-adi” şəkilləri paylaşıb və bu səbəbdən iş yeri möhürlənib. Onun sözlərinə görə, şirkətin sahibləri barəsində məhkəmə proseduru davam edir.

İranda qadınların geyim tərzinə ciddi nəzarətin artırılması ölkədə geniş müzakirələrə və narahatlıqlara səbəb olub. 22 yaşlı Məhsa Əmininin 2022-ci il sentyabrın 16-da polis nəzarətində ölümündən sonra başlayan etirazlar İran hökumətini bu məsələ ilə bağlı siyasətində geri addım atmağa sövq etməyib.

İslam Respublikası qadınlara qarşı əvvəlki birbaşa müdaxilə və həbs əvəzinə, qadınların baş örtüyü olmadan olduğu yerlərin möhürlənməsi üsulunu tətbiq etməyə başlayıb. Rəsmi statistika olmasa da, bəzi məlumatlara görə, məcburi hicab qaydalarına əməl etməyən qadınların sayı keçən ilki etirazlardan sonra artıb.

İran hökuməti məcburi hicab qanununa qarşı vətəndaşların dinc itaətsizliyi hallarının artmasına cavab olaraq, "İffət və Hicab layihəsini" gündəmə gətirib, şəhərlərdə kafe, fitness klubları və turizm mərkəzlərini möhürləməklə qanuna qarşı çıxan vətəndaşlara təzyiqini artırıb.