Cənubi Qafqazda davamlı sülhün dəstəklənməsi üçün etimad quruculuğu tədbirləri üzrə Ermənistan-Azərbaycan birgə qrupu Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş Naziri Aparatının 7 dekabr tarixli birgə bəyanatını dəstəklədiyini bildirib.
Birgə qrupa iki ölkənin vətəndaş cəmiyyəti fəalları və ekspertləri daxildir. Azərbaycandan qrupa Əhməd Əlili (həmməruzəçi), Mehman Əliyev, Şəhla İsmayıl, Gülməmməd Məmmədov, Ramazan Səmədov, Anar Vəliyev, Ermənistandan qrupa Benjamin Poqosyan (həmməruzəçi), Conni Melikyan, Stepan Qriqoryan, Taron Hovhannisyan, Tatevik Ayrapetyant və Gevorq Melikyan daxildir.
Birgə ekspert qrupunun bəyanatında deyilir ki, tərəflər arasında məhbusların azad edilməsi və etimadın möhkəmləndirilməsi üzrə digər tədbirlər haqqında razılaşma xüsusilə alqışlanır. Birgə qrup üzvləri hesab edir ki, bu bəyanat ikitərəfli münasibətlərin normallaşması və danışıqların bərpası prosesində mühüm addımdır.
Onlar “bölgədə çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi şans var” fikrini də alqışlayır.
Birgə qrup “münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi bağlamaq” niyyətini dəstəkləyir.
"Birgə Əlaqə Qrupumuz 2021-ci ilin yayından etimad quruculuğu tədbirləri üçün ideyalar hazırlamaq və onların həyata keçirilməsi üçün siyasi və ictimai dəstəyi səfərbər etmək üçün işləyir", qrup üzvləri qeyd edir.
Qrup xatırladır ki, 2022-ci ilin aprelində onlar “Cənubi Qafqaz müharibədən sülhə: 2030-cu ilə qədər otuz tədbir” adlı hesabat qəbul ediblər və orada qısa, orta və uzunmüddətli perspektivdə təkcə sülhə nail olmaq üçün deyil, həm də gələcək əməkdaşlıq üçün həyata keçirilə biləcək konkret tədbirlər təklif edilib.
“Bu hesabat dərc edildikdən sonra çox şey baş verib və bəzi təkliflər aktuallığını itirib. Bununla belə, etimad və inam yaratmaq ehtiyacı yüksək olaraq qalır. Biz məmnunuq ki, Ermənistan və Azərbaycan liderləri yaxın gələcəkdə effektiv olacaq əlavə etimad tədbirlərinin həyata keçirilməsi ilə bağlı müzakirələri davam etdirəcəklərini bəyan ediblər. İndi ikitərəfli münasibətlərin normallaşması prosesi fasiləsiz davam etdirilməlidir, o cümlədən məhbusların oxşar şəkildə azad edilməsi kimi növbəti humanitar addımlar, habelə itkin düşmüş şəxslərlə bağlı məsələlər üzrə. Biz iki ölkə liderinin qarşılıqlı etimadı gücləndirməyə kömək edəcək və bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləmək üçün beynəlxalq ictimaiyyətin çağırışlarına qoşuluruq. Biz erməniləri və azərbaycanlıları bu anın əhəmiyyətini dərk etməyə və regionda davamlı sülhə nail olmaq üçün səyləri dəstəkləməyə çağırırıq”, birgə qrupun bəyanatında bildirilir.
Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının yaydığı birgə açıqlamada qeyd edilir ki, “regionda çoxdan gözlənilən sülhə nail olunması üçün tarixi fürsət yaranıb”. Hər iki ölkə münasibətlərin normallaşdırılması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olunması üzrə öz niyyətlərini təsdiq edib. Xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Ermənistan həmçinin “xoş niyyət jesti” kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının keçirilməsinə Azərbaycanın namizədliyini dəstəkləyib, həmçinin Azərbaycan “xoş niyyət jesti” kimi Bakının Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədiyini bəyan edib.