Rüfət Səfərov: Ölkədə sanki casus ovuna start verilib

Rüfət Səfərov- hüquq müdafiəçisi

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində 10 Dekabr Beynəlxalq İnsan Haqlarının Müdafiəsi günü və Azərbaycanda insan haqlarının durumundan danışıb.

Amerikanın Səsi: 10-Dekabr Beynəlxalq İnsan Haqlarının Müdafiəsi günüdür. Bu mənada 2023-cü ildə Azərbaycanda insan haqlarının yekun durumunu necə xarakterizə edərdiniz?

Rüfət Səfərov: 1948-ci ildə qəbul edilmiş bəyannamədə təməl hüquq və azadlıqlar təsbit edilib. Mənim düşüncəmə görə bu gün Azərbaycanda çox təəssüf ki, vətəndaşın, insanın hüquq və azadlıqları inflyasiyaya uğrayır, dəyərini itirib. Bütövlükdə söz, fikir, mətbuat, məlumat azadlıqları çox ciddi təhlükə altındadır. Hakimiyyətin son dövrlərdə realizə etdiyi repressiv tədbirlər zəminində görünən budur ki, həm milli qanunvericilik səviyyəsində, konstitusiya həddində, eyni zamanda beynəlxalq konvensiya, bəyənnamə və paktlarda göstərilən insan hüquq və azadlıqları faktiki olaraq Azərbaycanda görməzdən gəlmir. Xüsusi ilə də söhbət siyasi haqlardan gedir.

Amerikanın Səsi: Azərbaycanda insan haqlarının durumu ilə bağlı beynəlxalq ictimaiyyətin münasibətini qənaətbəxş hesab etmək olarmı?

Your browser doesn’t support HTML5

Rüfət Səfərov: Ölkədə sanki casus ovuna start verilib

Rüfət Səfərov: Sualı iki hissəyə bölmək istəyirəm. Hüquq-müdafiə sahəsində ixtisaslaşan beynəlxalq təşkilatlar, bir də siyasi güc mərkəzləri - Qərbin, Avropanın dövlət və ictimai institutlarının mövqeyi. Əlbəttə zaman-zaman qeyri-hökumət təşkilatları möhtəbər hüquqi mexanizmlər Azərbaycanda hüquq və azadlıqların vəziyyətinin çox pis olmasına dair indekslərdə, hesabatlarda mövqelərini sərgiləyib. Amma, çox təəssüf ki, dediyimiz siyasi güc mərkəzləri bir çox hallarda ölkənin daxilindəki insan hüquqları ilə bağlı problemi ayrıca, prinsipial, əlahiddə şəklində qoymayıblar. Bir çox hallarda ortada enerji, iqtisadi, karbohidrogen problemləri və sair mövzular prioritet təşkil edib. Daha sonra isə vaxt olduqda insan haqlarına vaxt ayrılıb. Son dövrlər ərzində isə biz görürük ki, bəli ABŞ-ın, Qərbi Avropa ölkələrinin rəsmi Bakıya xitabları, müraciətləri sıxlaşıb. Hətta diplomatik münasibətlər artıq böhran şəklinə gəlib. Bu da hansı dövrdə baş verir. Qarabağda işğal altında olan torpaqların azadlığa qovuşmasından sonra, Azərbaycan öz ərazi bütövlüyünü, suverneliyini bərpa etdikdən sonra beynəlxalq təzyiqlərlə üzbəüz qalıb. Ölkə olaraq insan haqları problemi bir bəhanə kimi irəli sürülür. Biz hər zaman bildirmişik və uzun illərdir ki, həm vətəndaş cəmiyyəti, həm azad media, müxalif mərkəzlər bir ölkənin daxilindəki repressiv gündəliyi həmin ölkənin iç problemi kimi yox, beynəlxalq problem kimi nəzərə alıb və adekvat, prinsipial reaksiyalar gözləmişik. Zaman-zaman quruca deklorativ xarakterli bəyanatlar olub, amma ciddi, sistemli, ardıcıl münasibətlər ortada olmayıb. Yalnız son 30 il ərzində ilk olaraq işgəncələrdə, pis rəftarda adı hallanan bir polis zabiti Maqnitski aktı çərçivəsində sanksiyaya məruz qalıb. Bir sözlə, mən hesab etmirəm ki, bu gün dünyada demokratiyanın hamisi kimi diqqəti cəlb edən həmin ölkələrin daxilində insan hüquq və azadlıqlarına hörmət edilsə də, hüquq qaydası təbii ki, meydanda olsa da, avtoritar rejimlərdə, diktaturanın hökm sürdüyü dövlət və cəmiyyət həyatlarında siyasətləri səmimidir. Eləcə də bu gün Azərbaycanda.

Amerikanın Səsi: 2023-cü ilə ərzində yerli və beynəlxalq ictimaiyyət Azərbaycanda insan hüquqları sahəsində islahatlar yönümündə hökumətin hansı addımlarına şahidlik edib?

Rüfət Səfərov: Əksinə, bu istiqamətdə biz geriyə addım atmışıq. Faktiki siyasi məhbuslaırn sayı üç yüzə yaxınlaşıb. Son günlər ərzində həbs edilən jurnalistlərin sayına diqqqət etsək, onlar 5-dir. Həbslər davam edir. “Abzas Media”nın, “Kanal 13”ün, “Xural TV”nin və digər mediaların əməkdaş və rəhbərləri bu gün cəza evindədir. Nəyə görə? Sözə, fikrə, müstəqil informasiya siyasəti yürütdüklərinə görə həbsdədirlər. Əlbəttə, Azərbaycanda çoxsaylı hüquqi, sosial, iqtisadi islahatlara ehtiyac var. Prioritet, vacibi budur ki, məhkəmələr və qanunverici hakimiyyət ilə icra hakimiyyəti arasında bir balans yaranmalıdır. Hakimiyyətlər arasında real bölgü diqqəti cəlb etməlidir. Hüquq-mühafizə orqanları, əməliyyat-axtarış, təhqiqat, məhkəmələr, prokurorluq, istintaq siyasiləşməməlidir. Hakimiyyətin əlində bir hüquqi maşa effekti verməməlidir. Bütövlükdə monopoliya, inhisarçılıq, digər iqtisadi mövzular isə zaman-zaman ekspertlər tərəfindən dilə gətirilib. Reformalar həyata keçirmək əvəzinə bu gün repressiya kəməri daha da sıxılır. Dövlətlərarası, istər cənub qonşumuz olsun, istər şimal qonşumuz, istər okeanın o tərəfində olan dövlətlərlə münasibətlər sistemi kontrans halına gələndə, bunun bədəlini ölkənin daxilində ayrı-ayrı təqsirsiz insanlar ödəyir. Məsələn, bu gün əgər ABŞ-la Azərbaycan arasında diplomatik-siyasi bir krizis yaşanırsa, ölkənin daxilində qərb təhsilli, Avropa təhsili alan gənclər bunun acısını çəkir. Ölkədə sanki bir casus ovuna start verilirb. Mən bu sahədə fikirlərimi yekunladırıram və ümumi bir fikir söyləyirəm. O ölkələrdə ki, sərt idarəetmə var, o ölkələrdə ki, avtoritar rejim meydan sulayır, hər zaman suni qaydada dövlət çevrilişləri, dövlətə xəyanət halları, casus ovu olur. Sanki bu, permanent xarakter daşıyır. Bu gün də bunu artıq ölkənin daxilindəki (belə demək mümkündürsə) qərb düşüncə tərzinə üstünlük verən insanlara qarşı münasibətdə görürük.

Amerikanın Səsi: Bəs, 2024-cü ildə Azərbaycanda insan hüquqları və azadlıqları sahəsində hansı islahatlara zəruri ehtiyac var?

Rüfət Səfərov: Nəhayət, 2024-cü ildə ali icra hakimiyyəti özündə siyasi iradə tapmalıdır. Müstəqil hüquq düşüncəsinə sahib olan hüquqçuları, eyni zamanda iqtisadçıları, ayrı-ayrı sahələrdə fəaliyyət göstərən sərbəst insanları, hakimiyyətin nəzarətindən kənar olan, yaltaqlıqdan, mədhiyyədən uzaq olan subyektləri qəbul edib, ölkənin gündəliyini birgə müzakirə etməlidir. Biz zaman-zaman çağırış etmişik ki, nə qədər bu təqiblər, saxlanmalar, təcrid etmələr meydan sulamalıdır. Nəhayət bir tənqidi fikrə, başqa cür düşüncəyə, hürr rəyə də diqqət etmək lazımdır. Mən bir hüquqçu olaraq deyə bilərəm ki, nəhayət cəza evləri siyasi məhbuslardan, vicdan məhbuslarından tamamailə qurtulmalıdır. Sıfır həddinə düşməlidir. Çox təəssüf ki, bunun əksini görürük. Dinamikaya diqqət yetirdikdə baxırıq ki, həbslər daha da artacaq. Dediyimiz məhkəmə hakimiyyətində müstəqillik mütləq baş tutmalıdır. Konstitusiyaya görə məhkəmə hakimiyyətinin müstəqilliyinə təminat verməli olan dövlət başçısıdır. Bunlar baş tutmalıdır. Hüquq-müdafiə sahəsində, vətəndaş cəmiyyətində, azad mediada hakimiyyətin inzabati müdaxilələri aradan qalxmalıdır. Heç şübhəsiz ki, bütün bunların kökündə nə yatır? Alternativ fikri tirajlayan dairələrə dözümlü münasibət göstərilməlidir. Əlbəttə, biz islahatların müxtəlif seqmetlərini burada müzakirə mövzusuna çevirə bilərik. Amma, söhbət, hüquqdan, hüquq islahatlarından gedirsə mütləq və mütləq klassik anlamda hakimiyyətlər arasında bölgü prinsipinə biz riayət etməliyik. Bu gün biz görürük ki, məhkəmələr administrasiyanın bir hüquqi davamıdır, parlament yenə də “qanuni” davamıdır və çox təəssüf ki, ölkədə bir vahid siyasi hüquqi iradə mövcuddur. Pikdə müəyyənləşən bu iradə sağa-sola, yerlərə yansılayır. Ölkədə, baxın, avtoritarizmdən diktaturaya “uğurlu” bir keçidə şahidlik edirik.

Qeyd: Bu Rüfət Səfərin fikirləridir. Rəsmi Bakı ölkədə fundamental hüquqların tam bərpa edildiyini, insanların firki və iradəsinə görə təqib edilmədiyini bildirir. Hökyumət rəsmiləri insan hüquq və azadlıları sahəsində tənqidləri qəbul etmir və bir qayda olaraq qərəzli sayır. Bununla yanaşı yerli hüquq müdafiəçiləri hazırda 230-dan çox insanı siyasi məhbus kimi tanıyıb.