"Journalist Resistance" (Jurnalist Müqaviməti) platforması vətəndaş cəmiyyətinin adından bəyanat yayıb.
Bəyanatda deyilir ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri, Azərbaycanda müstəqil mediaya qarşı siyasi həbslərin və repressiyanın yeni dalğası ilə bağlı narahatlığını və etirazını bəyan edir:
"Hazırkı repressiyasının spesifik hədəfləri "Abzas Medianın" direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini, ictimai fəal Məhəmməd Kekalov olmaqla, ümumilikdə "Abzas Media" qurumudur. Onların həbsi ilə müşayiət olunan proses fundamental ifadə azadlığının kobud pozuntusu və ölkədə müstəqil mediaya qarşı repressiyanın tərkib hissəsidir".
Vətəndaş cəmiyyəti nümayəndələri qeyd edir ki, həbslər ərəfəsində və cinayət işi boyunca, hökumət rəsmiləri, dövlət mediası və hökumətyönümlü media qurumları tərəfindən müstəqil media, tənqidçi vətəndaş cəmiyyəti təşkilatları və müxalifət əleyhinə materiallar dərc edərək onları Qərb ölkələrinin, ələlxüsus ABŞ-ın "casusları" və "təsir agentləri" olmaqda günahlandırıb.
"Bu materiallarda heç bir əsas və fakt olmadan "qanunsuz xarici qrantların" gətirilməsi və mənimsənilməsi vasitəsilə maliyyə pozuntuları törətməkdə günahlandırıblar. Bununla yanaşı, feminist və LGBTIQ+fəallar "ailə dəyərlərini məhv etməkdə" və Qərb dövlətlərinin "marioneti" və "ruporu" olmaqda günahlandırılaraq hədəfə alınıblar. Hazırda belə diffamativ materialların yayılması davam edir", deyə qeyd edilib.
Bəyanatda deyilir ki, həbslərə dair faktlar, o cümlədən ofisdə baxış keçirilərək xarici valyuta aşkar edilməsi hüququn aliliyinə və konstitusional prinsiplərə bağlılığa dair ciddi suallar doğurur:
"Ötən günlərdə edilən bu hərəkətlər müstəqil medianı hədəfə alan və Azərbaycanda ifadə azadlığının təməl prinsiplərini sarsıdan siyasi motivli təqib kampaniyasının tərkib hissəsidir. Biz qətiyyətlə bildiririk ki, Azərbaycan hökuməti tərəfindən yürüdülən təqib kampaniyası mövcud konstitusion hüquqi çərçivə və Azərbaycan Respublikasının insan hüquqlarına dair beynəlxalq hüquqi öhdəlikləri ilə bariz surətdə ziddiyyət təşkil edir".
"Jurnalist Müqaviməti" bildirir ki, BMT-yə, Avropa Şurasına və ATƏT-ə üzv dövlət kimi Azərbaycan beynəlxalq insan hüquqları standartlarına riayət etməyə borcludur.
"Azərbaycan hökumət orqanlarının cari addımları Konstitusiya ilə təmin edilmiş və beynəlxalq hüquqi müqavilələrlə tanınmış və Azərbaycan tərəfindən ratifikasiya edilmiş insan hüquqları öhdəliklərinin kobud pozuntusudur. Biz bu xüsusata diqqət cəlb etməyi vacib hesab edirik ki, ölkədə siyasi müxalifətə, tənqidçi vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı aparılan siyasi motivli təqib kampaniyasına, o cümlədən bu çərçivədə həyata keçirilən cinayət işlərinə və digər hüquqi məhdudiyyət tədbirlərinə dair Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Avropa İnsan Hüquqlarının Konvensiyasının qeyri-legitim, siyasi motivli hüquq məhdudiyyətlərini qadağan edən 18-ci maddəsi üzrə Azərbaycana qarşı 11 hüquq pozuntusu qərarı qəbul edilib. Hazırda həmin qərarların icrası Avropa Şurası Nazirlər Komitəsinin nəzarətindədir", bəyanatda deyilir.
Vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan hökumətindən insan hüquqlarına qoyulan siyasi motivli məhdudiyyətləri aradan qaldırmasını, o cümlədən cinayət işlərinə xitam verilməsini və Ülvi Həsənlinin, Sevinc Vaqifqızının, eləcə də Məhəmməd Kekalovun dərhal azad edilməsini tələb ediblər:
"Biz həmçinin beynəlxalq tərəfdaşlara, o cümlədən BMT, Avropa Şurası, ATƏT-ə və digər beynəlxalq publik təşkilatlara ölkədə pisləşən insan hüquqlarının vəziyyətinə dair qəti addımlar atılmasına dair müraciət edirik".
Xatırlatma
Noyabrın 23-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Noyabrın 22-də Daxili İşlər Nazirliyi bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.
Məhəmməd Kekalovun noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Ailəsinin məlumatına görə ondan 2 gün xəbər almaq mümkün olmayıb. Ailəsi və yaxınları ona işgəncə verilməsindən narahat olduqlarını bildiriblər.
Noyabrın 23-də Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, Məhəmməd ondan vəkil kimi imtina etdiyini deyib.
Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur.
Jurnalistlərin vəkilləri Zibeydə Sadıqova və Elçin Sadıqovun sözlərinə görə, onların hər ikisi məhkəmədə ittihamları rədd edib.
Vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.
Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının "Abzas Media"nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı ittihamı qəbul etmir və "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.
Forum