Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların görüşü olub

Ermənistan və Azərbaycan sərhədi

Noyabrın 30-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın beşinci görüşü keçirilib.

Bu barədə hər iki ölkənin xarici işlər nazirlikləri məlumat yayıb.

Yayılmış rəsmi məlumatda deyilir ki, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçirib.

Müvafiq dövlət qurumları arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətni ilkin olaraq razılaşdırılıb.

"Tərəflər Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşib, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəlib," Azərbaycan XİN bildirib.

Tərəflər komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə də razılığa gəlib.

Azərbaycan və Ermənistan dövlət komissiyalarının 2022-ci ildə mayın 24-də iki ölkənin sərhədində, avqustun 30-da Moskvada, noyabrın 3-də Brüsseldə, 2023-cü il iyulun 12-də yenə iki ölkənin sərhədində görüşləri keçirilib.