İran və İsrail arasındak gərginliklər səfirlərin sosial media mesajlarında özünü büruzə verir

Bakı, Azərbaycan

Noyabrın 4-də İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi özünün X (keçmiş twitter) hesabında İsrail səfirinin ünvanına “təhdidedici” bəyanatla çıxış edib. İsrail səfiri George Deek isə öz hesabında İran səfirinə cavab verib.

"Hazırkı mərhələdə sizə təkcə Həmasın cəsur döyüşçüləri kifayətdir. Siz hörümçək torundan daha zəifsiniz. Unutmayın, bir dəfə İran müdaxilə etsə, sizi Nildə yox, Aralıq Dənizində dəfn edər. Çıxış yolunuz yoxdur! İndi bütün dünya sizə qarşıdır! Bütün dünya kimi, müsəlman, cəsur və qeyrətli Azərbaycan xalqı da sizə, irqçi işğalçılara nifrət edir" - İran səfiri Seyid Abbas Musəvinin bəyanatında deyilir.

Səfir öz hesabında İran, Fələstin və Azərbaycan bayraqlarını əlavə edib.

Öz növbəsində İsrailin Azərbaycandakı səfiri George Deek Seyid Abbas Musəviyə cavab verib.

“İran rejiminin səfirinə bir mütəxəssisdən pulsuz məsləhət: Əgər ölkəmi məhv etməklə, məni isə ölümlə (bir daha) hədələdiyiniz zaman insanların sizi ciddi qəbul etmələrini istəyirsinizsə, həqiqətən də hörümçək metaforasından əl çəkməli olacaqsınız. Hörümçək ipəyi poladdan beş dəfə güclüdür,” İsrail səfiri X platformasında qeyd edib.

Rəsmi Bakı iki ölkənin səfirinin bəyanatlarına hələ münasibət bildirməyib. Bundan əlavə Xarici İşlər Nazirliyindən də şərh almaq mümkün olmayıb.

“Atlas” Araşdrımalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə deyib ki, rəsmi Bakı İranın və İsrailin Azərbaycandakı səfirlərinə ölkəni mübahisə poliqonuna çevirməmək barədə xəbərdarlıq etməlidir.

“Bu iki ölkənin səfiri ilk dəfə deyil ki, sosial şəbəkələr üzərindən söz atışmasına çıxıblar. Bu dəfə atmacaların ağırlığı artıb. Səfirin vəzifəsi ölkəsini çalışdığı dövlətdə təmsil etmək, əməkdaşlığın inkişafı məqsədilə danışıqlar aparmaq, görüşlər keçirməkdir. Səfir ölkəsinə aid olmayan müharibəylə bağlı başqa ölkənin səfirini hədələməməlidir. Bu həmin səfirin çalışdığı ölkəyə hörmətsizlikdir. Azərbaycanı Yaxın Şərqdəki qarşıdurmada tərəf seçməyə məcbur etmək istəyirlər.

Fikrimcə, hər iki səfiri ayrılıqda Xarici İşlər Nazirliyinə çağırıb, onları bu “dialoqa” son qoymağa çağırmaq lazımdır. Azərbaycanın özündə də “İsrail haqlıdır, yoxsa Fələstindəki silahlı qruplaşmalar” sualı ətrafında kəskin diskussiya gedir. Bu diskussiyaya kənardan benzin tökmək istəyənlərə “dur” demək lazımdır”, təhlilçi belə hesab edir.

Xatirladaq ki, İsrail-HƏMAS qarşıdurması ilə bağlı Azərbaycanla İranın mövqeləri arasında fərqlər mövcuddur. İranın İsrailin əleyhinə kəskin mövqe nümayiş etdirməsinə baxmayaraq, Azərbaycan münaqişənin dinc yolla, BMT qətnamələri əsasında nizamlanmasına tərəfdardır. Azərbaycan İsrail ilə ikitərəfli strateji, hərbi, hərbi texniki və iqtisadi əlaqələri inkişaf etdirən az saylı müsəlman ölkələrindən biridir. Azərbaycan İsraildə səfirlik açan şiə çoxluğu olan ilk müsəlman ölkəsidir.

İran Prezidenti Ayətullah Seyid İbrahim Rəisi oktyabrın 23-də Tehranda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə “sionist rejimin nə Azərbaycanın, nə də heç bir müsəlman ölkəsinin dostu olmayacağı ilə bağlı öncə Azərbaycan prezidentinə dediklərini” xatırladaraq bildirib: “Qəzzada bugünkü vəziyyət bütün region xalqlarına bir daha göstərir ki, başda Amerika olmaqla qərb dünyası sionistlərin cinayətlərini tam dəstəkləyərək, nəinki region ölkələrinin dostu deyil, həm də regionda yalnız öz irqçi maraqlarını güdürlər”.

Öz növbəsində, oktyabrın 23-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ Cənubi Qafqazın İran və Rusiya ilə bağlı incə coğrafi mövqeyini tanıyır, lakin “ABŞ bu ölkələri etibarlı tərəfdaş kimi görmür”.